REGİONLAR
Qədim Bərdə türbəsində təmir-bərpa işləri başa çatıb VİDEO
Bərdə, 24 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Orta əsr Azərbaycan memarlığının ən qiymətli abidələrindən olan Bərdə türbəsində aparılan təmir-bərpa işləri başa çatıb.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı Əhliyyət Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra abidənin kitabələri dağıdılmış, üzərində ərəb əlifbası ilə yazılan sözlərin bir hissəsi silinmişdi. Bundan başqa, 1957-1958-ci illərdə aparılan təmir işləri zamanı tarix və mədəniyyətimizə qənim kəsilmiş erməni millətindən olan layihəçi, mühəndis və bərpaçılar tərəfindən türbənin günbəzinə betondan tonlarla çəkisi olan konusşəkilli qüllə inşa edilmişdi. Xeyli çəkisi olan bu beton abidənin milli-tarixi görkəmini dəyişməklə yanaşı, türbənin sol tərəfə maillənməsinə səbəb olmuşdu. Odur ki, yeddi əsrin yadigarı olan abidənin bərpasına ehtiyac vardı.
Təmir-bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən aparılıb. Bərpaçılar tarixi abidəni ilkin görkəminə qaytarmaq üçün qiymətli tikinti materiallarından istifadə ediblər. Hazırda abidənin ətrafında tikinti-abadlıq işləri aparılır. Bu işlərin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur.
Ə.Əliyev qeyd edib ki, Bərdə türbəsi rayonun qonaqlarının və turistlərin ən çox maraq göstərdiyi məkanlardandır. Odur ki, Bərdənin simvoluna çevrilmiş bu abidənin təmir olunması turizm baxımından da böyük əhəmiyyət daşıyır.
1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndələrindən olan Əhməd bin Əyyub Əl Hafiz Naxçıvani tərəfindən inşa olunan türbənin yeraltı hissəsini bu dövr üçün ənənəvi olan dəfn üçün sərdabə təşkil edir. Hündürlüyü 12,5 metr olan türbənin yerüstü hissəsi isə daşdan hörülmüş kürsülük, silindrik gövdə və günbəzdən ibarətdir. Onun divarları adi və üzərinə firuzəyi rəngli kaşı çəkilmiş kərpiclərlə üzlənib. Bu cür orijinal hörgünün kərpic naxışlarında bütün gövdə boyu çoxlu sayda “Allah” sözü yazılıb. Bu səbəbdən də Bərdə türbəsinə xalq arasında “Allah-Allah türbəsi” də deyilir.