MƏDƏNİYYƏT
Qədim Musiqi Alətləri Dövlət Ansamblının 20 illiyi qeyd olunub
Bakı, 9 dekabr, Aynur İsmayılova, AZƏRTAC
Dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində Qədim Musiqi Alətləri Dövlət Ansamblının yaranmasının 20 illiyinə həsr edilmiş tədbir keçirilib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, professor Alla Bayramova ansamblın yaranma tarixindən danışıb.
Bildirib ki, ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan kollektiv ötən əsrin 80-ci illərinin sonunda Xalq Artisti Məcnun Kərimovun böyük səyi nəticəsində ərsəyə gəlib. İlk dəfə kollektivin Şah İsmayıl Xətainin xatirəsinə həsr olunmuş konserti rəğbətlə qarşılanıb. 1994-cü ildə ansambla mədəniyyətimizin hamisi, ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə dövlət statusu verilib. Bundan sonra ansambl bir çox xarici ölkələrdə qastrol səfərlərində ölkəmizi ləyaqətlə təmsil edib.
Bildirib ki, ansamblın yaradıcısı, Xalq Artisti Məcnun Kərimov alətlərin tapılıb, istifadə olunmasında böyük səy göstərib.
Tədbirdə musiqişünas Sədaqət Təhmirazqızı, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Xalq Artisti Munis Kərimov və başqaları Səfiəddin Ürməvi, Əbdülqadir Marağayi və Mir Möhsün Nəvvabın yaşadıqları dövr üçün xarakterik olan bu alətlərin adlarının hələ lap qədim mənbələrdə də çəkildiyini, böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində təsvir edildiyini bildiriblər.
Tədbirdə ansamblın müşayiəti ilə gənc müğənnilər Vəfa Hüseynova və Hüseyn Məlikovun ifasında qədim el havaları səsləndirilib.
Konsert tamaşaçıların rəğbətinə səbəb olub.