REGİONLAR
Qədim Şabran şəhərinin qalıqları üzərində kompleks yaradılacaq
Şabran, 4 dekabr, Elxan Yusifli, AZƏRTAC
İl ərzində “Şabran şəhəri” Tarixi Qoruğuna 4 min 300-ə yaxın turist gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsası eramızdan əvvəl I minilliyin ortalarında qoyulduğu ehtimal edilən Şabran şəhərinin qalıqları ilə tanış olanların 550 nəfəri əcnəbi turistlərdir.
“Şabran şəhəri” Tarixi Qoruğunun direktoru Məmmədmusa Məmmədov bildirib ki, ölkəmizin şimal bölgəsindəki əsas turizm mərkəzlərinə aparan yolun üzərində yerləşməsi bu tarixi məkanı turistlər üçün daha cəlbedici edir. Qoruqda aparılan qazıntılar zamanı Xaqani Şirvaninin saxlanıldığı həbsxananın aşkara çıxarılması turistlərin diqqətini çəkən əsas məqamlardan biridir. Belə ki, bədxah saray şairlərinin haqsız hücumlarına məruz qalan Xaqani Şirvani 1156-cı ildə Məkkəyə ziyarət bəhanəsi ilə Şirvanı tərk etməyə məcbur olub. Xaqani Şirvani Şirvandan getməyə cəhd göstərərkən həbs olunaraq Şabran qalasına salınıb və 7 ay burada saxlanılıb.
Tarixi şəhərdə sonuncu arxeoloji qazıntı işləri bu ilin sentyabr-oktyabr aylarında aparılıb. İlkin tədqiqatlar nəticəsində çay daşları ilə döşənmiş küçələr, bişmiş kərpic və çay daşlarından hörülmüş divar qalıqları aşkarlanıb. Ərazidə kəhriz olması ehtimal edilən bişmiş kərpicdən ibarət tikili qalığı da üzə çıxarılıb. Qazıntı ərazisindən, həmçinin su borusu yerləri, çoxlu sayda qırmızı, yaşıl və göy rəngli şirli qablar, metaldan hazırlanmış silahlar, bəzək əşyaları və s. aşkar edilib.
M.Məmmədov bildirib ki, gələcəkdə qədim şəhərin qalıqları üzərində kompleksin yaradılması nəzərdə tutulub. Bu, qoruğa daha çox yerli, həm də xarici turistin gəlməsinə şərait yaradacaq. Tarixi məkanı regionun əsas turizm mərkəzlərindən birinə çevirmək məqsədilə xüsusi tədbirlər planı hazırlanır.
Növbəti illərdə qoruq ərazisindən toplanan eksponatların nümayiş etdirildiyi muzeyin tikilməsi nəzərdə tutulub.
Qoruğa gələn turistləri məlumatlandırmaq üçün Azərbaycan, ingilis və rus dillərində yazılmış bukletlər, məlumat kitabçaları və disklər ziyarətçilərə təqdim olunacaq.
Qeyd edək ki, qədim Şabran şəhərinin ərazisi ümummilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı Sərəncamla tarix-memarlıq qoruğu elan edilib. “Şabran şəhəri” Tarixi Qoruğu ilə bağlı aparılan tədqiqatlar istər 677 il mövcud olmuş Şirvanşahlar dövlətinin, istərsə də bütövlükdə Azərbaycan tarixinin daha dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.