REGİONLAR
Qədim el sənətini yaşadan astaralı sakinin əl işləri görənlərin marağına səbəb olur VİDEO
Astara, 9 aprel, Bağır Əliyev, AZƏRTAC
Zaman-zaman maraqlı məşğuliyyətləri ilə seçilən, gözəl əl işləri yaradan insanlar həmişə diqqət mərkəzində olub, xalq tərəfindən seviliblər.
Daxili aləmlərinin zənginliyi, incə zövqlərinin bir növ ifadəsi olan bu nəfis əl işləri ilə onlar unudulmaqda olan adətlərimizi, sənət nümunələrimizi yaşadırlar.
Belə sənət sahiblərindən biri - Astara rayonunun Pensər kəndinin sakini Hicran Əhmədova qədim qurama sənətinin ustasıdır.
Parçadan nəfis, dekorativ əl işləri, gözoxşayan rəng ahəngdarlığı, müxtəlif həndəsi elementlər - bütün bunlar onun əl işlərində özünü büruzə verir.
Hicran Əhmədova 15 ildir ki, müxtəlif parça hissələrinin birləşdirilməsindən yaranan, lakin artıq unudulmaqda olan qədim el sənəti -qurama ilə məşğuldur.
Hələ uşaq yaşlarında həmkəndlisi Hacıbəyim Şabanovadan qurama sənətinə maraq göstərən H.Əhmədova bu sənətin bütün incəliklərini mənimsəyib. O deyir: “Rəngli parçalar alıram, onları kəsib üçbucaq formaya salıram. Sadəcə parçanı kəsəndə gərək diqqətli olasan. Bir həftəyə tikdiklərim də var. Böyük əl işləri isə bəzən 2-3 aya başa gəlir”.
Üçüncü qrup əlil olan Hicran xanımın əl işləri artıq çoxlarının diqqətini cəlb edib. Onun yaratdığı sənət nümunələri həm yerli, həm də beynəlxalq sərgilərdə, müsabiqələrdə nümayiş olunub.
2013-cü ildə Bakı Muzey Mərkəzində keçirilən dekorativ tətbiqi sənəti festivalında, həmin ilin mart ayında isə Parisdə keçirilən Azərbaycan mədəniyyəti günlərində onun 5 əl işi sərgidə nümayiş etdirilib. O, 2015-ci ildə Bakı şəhərində əlillərin IX sərgi-müsabiqəsində qalib gəlib.
Bu ilin mart ayında isə onun əl işləri Azərbaycan Rəssamlar İttifaqında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgidə və Bakıda keçirilən Novruz şənliklərində nümayiş etdirilib.
Bölgələrlə müqayisədə paytaxtda qurama sənətinə böyük marağın olduğunu vurğulayan H.Əhmədova bu sənət nümunələrinin daha çox ölkəmizə gələn turistlərin diqqətini cəlb etdiyini bildirib.
Hicran Əhmədova 1780-1840-cı illərdə Talış mahalında cərəyan edən ictimai-siyasi hadisələri əhatə edən və 1870-ci ildə nəşr olunmuş “Əxbərnamə” kitabının müəllifi Mirzə Əhməd Mirzə Xudaverdinin kötücəsidir.
Lənkəranda fəaliyyət göstərən “Fövcül-fücəha” məclisinin fəal üzvlərindən olan Mirzə Əhməd həm də xəttatlıq sənəti ilə məşğul olub.
Hicran Əhmədova deyir ki, qurama sənətinə marağı irsən ulu babasından keçib.
Hazırda anası, bacısı və qardaşı ilə 1836-cı ilə ulu babası Mirzə Əhməd tərəfindən inşa edilmiş qədim evdə yaşayan Hicran Hüseynovanın arzusu kənddə və ya rayon mərkəzində seçdiyi sənətin incəliklərini gənclərə öyrətmək üçün lazımi şəraitin yaradılmasıdır.