REGİONLAR
Qədim tarixə malik kəndlərin yolu yenidən qurulur VİDEO
Bakı, 10 sentyabr, AZƏRTAC
Dövlət başçısının sərəncamına əsasən, 4 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyətli Muğanlı–İsmayıllı yolunun 17-ci kilometrdən başlanğıcını götürən Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, agentliyin “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanan layihə əsasında İsmayıllı rayonunun 11 yaşayış məntəqəsini birləşdirəcək yeni yol 4 istiqamət üzrə inşa edilir. Bu, Qıçatan kəndi, Tağlabiyan-Kəlfərəc, Zeyvə–Kürdüvan–Xankəndi–Mücü və Sərsurə–Kələzeyvə–Sulut kəndləri istiqamətləridir ki, sözügedən istiqamətdə yolların torpaq əsaslı və çınqıl örtüklü olması gediş-gəliş üçün problemlər yaradırdı.
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yenidənqurma işlərinə başlanılıb. Yenidənqurma zamanı torpaq və çınqıl örtüklü yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Torpaq işlərinə paralel olaraq, yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə, yolboyu müxtəlif diametrlərə malik dəmir-beton dairəvi suötürücü borular quraşdırılması və izolyasiyası, həmçinin körpülərin təmiri layihə üzrə həyata keçirilir.
Torpaq işlərinin ardınca yol əsasının inşası, çiyin hissələrin bərkidilməsi və asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq, avtobus dayanacaqları inşa ediləcək. Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün yol nişanları, məlumatverici lövhələr quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək.
Yolun yenidən qurulması nəinki gediş-gəlişin rahatlaşmasına, sözsüz ki, adları çəkilən tarixi və füsunkar kəndlərimizin inkişafına müsbət təsir göstərəcək.
Ümumiyyətlə isə sözügedən avtomobil yolunun inşası ilə Böyük Qafqazın cənub ətəklərində, səfalı İsmayıllı ərazisində yerləşən, Azərbaycanın hələ XII əsr xəritələrində adı çəkilən, ilk insan məskənlərindən biri sayılan Sulut, qədim kəndlərimizdən sayılan Qıçatan, səfalı bulaqları ilə tanınan Sərsurə, tarixi abidələri, türbələri, ibadətgahları ilə bilinən Kələzeyvə və digər kəndlərdə təsərrüfat və turizmin inkişafına gətirib çıxarmaqla yanaşı, yolboyu yaşayan əhalinin sosial rifah halına da müsbət təsir etmiş olacaq.