REGİONLAR
Qədim tarixə və etnik mədəniyyətə malik olan Qax rayonu turistlər üçün əsl istirahət məkanıdır VİDEO
Qax, 19 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonu turizmin inkişafı üçün geniş imkanlara malik fauna və florası ilə seçilən, zəngin yeraltı və yerüstü su sərvətlərinə, mineral xammal ehtiyatlarına, əlverişli iqlim şəraitinə malik rayonlardandır. Rayonun mülayim və saf dağ iqlimi, zəngin mineral bulaqları, əsrarəngiz təbiəti, şəlalələri, düzənlik və dağ meşələri, çayları burada turizmin inkişafı üçün çox əlverişlidir. Qədim tarixə və etnik mədəniyyətə malik olan bu diyarın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır.
Dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, son illər respublikamızın digər bölgələri ilə yanaşı, Qax rayonunda da bu sahədə nəzərəçarpacaq irəliləyişlərə nail olunub. Son illər rayonda müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Rayona gələn qonaqların sayı da nəzərəçarpacaq dərəcədə çoxalıb. Xüsusilə yay aylarında öz istirahətlərini Qaxda keçirmək arzusunda olanların sayı xeyli artıb.
Şəki regional Mədəniyyət və Turizm İdarəsinin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova AZƏRTAC-a müsahibəsində turizm obyektlərinin yay turizm mövsümünə hazırlığının vəziyyəti barədə məlumat verib.
Qaxda otel və istirahət mərkəzlərində qiymətlər bir nəfər üçün 25 manatdan başlayır
Qurumun təmsilçisinin bildirdiyinə görə, hazırda Qax rayonunda 12 turizm obyekti, həmçinin xeyli sayda ictimai-iaşə obyekti fəaliyyət göstərir. Bu müəssisələrdə yerlərin sayı artırılaraq 1034-ə çatdırılıb. Turizm obyektlərində qiymətlər otelin dərəcəsinə, xidmət növlərinin keyfiyyətinə görə tənzimlənir. Ümumiyyətlə, otel və istirahət mərkəzlərində qiymətlər səhər yeməyi də daxil olmaqla, bir nəfər üçün 25 manatdan başlayır. Daimi müştərilərə müəyyən güzəştlər tətbiq olunur.
Rəsmi statistikaya görə, 2015-ci ildə rayona 24 min 100 nəfər turist gəlib. 2016-cı ildə isə turistlərin sayı artaraq 29 min 509 nəfər olub. Cari ilin ötən dövrü ərzində rayonu 5 mindən çox turist ziyarət edib.
“Uludağ”: daimi müştərilərə və qrup halında gələnlərə güzəşt tətbiq olunur
AZƏRTAC-ın müxbiri rayonun iri turizm mərkəzlərində olub, istirahətçilər üçün yaradılan şəraitlə maraqlanıb.
İlisu kəndində fəaliyyət göstərən “Uludağ” Turizm və İstirahət Mərkəzinin əməkdaşı Səid Əhmədovun bildirdiyinə görə, burada kottec tipli 46 mənzildə eyni vaxtda 160 nəfər yerləşə bilər. İstirahət mərkəzində bir nəfərin bir günlük qalmaq haqqı səhər yeməyi də daxil olmaqla 30 manat təşkil edir. Daimi müştərilərə və qrup halında gələnlərə isə güzəşt tətbiq olunur. Yəni, onlar bir gün üçün 25 manat ödəyirlər. Turistlər mərkəzin iki kiçik və bir böyük su hovuzundan, stolüstü oyunlar zalından, idman qurğularından, futbol, voleybol və basketbol meydançalarından pulsuz istifadə edə bilərlər. Hər gün təşkil edilən diskotekaya giriş də pulsuzdur.
“Səngər qala”: oteldəki iki nəfərlik mənzillərin qiyməti 50-80 manat arasında dəyişir
İlisu kəndinin girəcəyində, səfalı bir guşədə yerləşən “Səngər qala” ailəvi istirahət mərkəzi ikinci ildir ki, fəaliyyət göstərir. Mərkəzin altımərtəbəli otel binası 90 yerlikdir. Otelin həyətində turistlər üçün kənd mühitini xatırladan istirahət guşəsi yaradılıb. Mərkəzin direktoru Məmməd Məmmədovun bildirdiyinə görə, oteldəki iki nəfərlik mənzillərin qiyməti 50-80 manat arasında dəyişir. Bu qiymətə səhər yeməyi də daxildir. Oteldə uşaq bağçası da fəaliyyət göstərir.
“İlisu”: 300 metrdən 24 kilometrədək uzunluqda dağ yolu marşrutları turistlərin maraqlı gəzinti turlarına daxildir
“İlisu” pansionatı ötən il olduğu kimi, bu il də istirahətçiləri maraqlı əyləncə növləri ilə sevindirəcək. Pansionatın direktoru Nizami Həşimov AZƏRTAC-a bildirib ki, istirahət mərkəzində ötən il yaradılan müxtəlif əyləncə guşələri, o cümlədən uşaq və böyüklər üçün “məcarələr parkı”, “möcüzələr adası”, velosiped meydançası turistlərin asudə vaxtlarının mənalı və səmərəli keçməsini təmin edəcək. Bundan əlavə, dağ turizminə maraq göstərənlər üçün dağ yolu ilə gəzinti marşrutları müəyyənləşdirilib, 5 istiqamət üzrə cığırlar hazırlanıb. Bu marşrutların ən qısasının uzunluğu 300 metr təşkil edir. Uzunluğu 24 kilometr olan ən uzun dağ cığırı isə xüsusi hazırlıq keçənlər və alpinistlər üçün nəzərdə tutulub. Bu marşrut Qaşqaçay kəndinədək uzanır.
Pansionatda eyni vaxtda 100 nəfər yerləşə bilir. Buradakı kotteclərin hər biri dörd nəfərlikdir. Gündə 3 dəfə yemək daxil olmaqla, bir nəfərin bir günlük qalma xərci 30 manat təşkil edir. Bu qiymət turistləri tam qane edir.
Rayonun “Yaşıl park”, “El Resort”, “Berqs”, “Eden” Park otel və digər istirahət mərkəzlərində də yay turizm mövsümünə yüksək hazırlıq işləri görülüb.