MƏDƏNİYYƏT


Qədim yapon kurqanları UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilə bilər

Tokio, 14 may, AZƏRTAC

Yaponiya Mədəniyyət İşləri Agentliyinin yaydığı məlumata görə, ölkənin qərbində yerləşən Osaka prefekturasındakı Mozu-Furuiçi qədim qəbiristanlıq təpələri beynəlxalq ekspertlər qrupu tərəfindən UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün tövsiyə olunub.

AZƏRTAC Jiji Press agentliyinə istinadla xəbər verir ki, Abidələrin və Görməli Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (ICOMOS) tövsiyəsinə əsasən, UNESCO-nun Dünya İrsi Siyahısı üzrə komitəsi cari ilin iyun-iyulunda Azərbaycanın paytaxtı Bakıda keçiriləcək iclasında bu barədə qərar qəbul edəcək. Qeyd edək ki, IKOMOS UNESCO-nun məsləhətverici qrupudur.

Mozu-Furuiçi qədim qəbiristanlıq təpələri (kofun) Yaponiyanın UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən sayca 19-cu mədəniyyət abidəsi olacaq. Ümumilikdə, bununla Dünya İrsi Siyahısında Yaponiyaya məxsus obyektlərin sayı, təbii abidələr də daxil olmaqla, 23-ə çatacaq.

Əlavə olaraq bildirilir ki, Mozu-Furuiçi təpələri IV əsrin sonlarından VI əsrin sonlarınadək inşa edilən 49 kurqandan ibarətdir. Bunların 23-ü Sakai şəhərinin Mozu rayonunda, 26-sı isə Habikino və Fuciidera şəhərləri arasındakı Furuiçi rayonunda yerləşir.

Mozu vilayətinin kurqanları arasında İmperator Nintokunun 500 metr uzunluğunda kurqanı da var. Bu, Yaponiyada açar yeri şəklində olan ən böyük kurqan hesab edilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.