CƏMİYYƏT
Qədirbilən xalqımız Ulu Öndərin əziz xatirəsini daim uca tutur
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Nizami Rayon İcra Hakimiyyətində ulu öndər Heydər Əliyevin anım günü münasibətilə “Ölməz dahi şəxsiyyət” mövzusunda tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin icra hakimiyyətinin inzibati binasının foyesindəki büstünün önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Liderə həsr edilmiş film nümayiş etdirilib.
Sonra rayon icra hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin bütün ömrünü doğma vətənimizin iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyinə həsr etdiyini söyləyib. Bildirib ki, qədirbilən Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsini daim uca tutur.
Sonra rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev “Ölməz dahi şəxsiyyət” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə digər çıxış edənlər də şərəfli və mənalı ömrünü ölkəmizin tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs ediblər.