CƏMİYYƏT
Qəhrəman hərbçi: Azərbaycanın ərazi bütövlüyü uğrunda canımı fəda etməyə hər zaman hazıram
Bakı, 25 iyun, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iyunun 24-də imzaladığı Sərəncamla “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşam. Bu yüksək mükafata layiq görüldüyüm üçün Ali Baş Komandana təşəkkürümü bildirirəm. Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canımı fəda etməyə bundan sonra da hazır olduğuma söz verirəm.
Bu fikirləri Vətən müharibəsi qazisi, Azərbaycan Ordusunun mayoru Rəşad Qurbanov AZƏRTAC-a müsahibəsində deyib.
“Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunduğunu öyrəndiyi zaman çox böyük qürur hissi keçirdiyini və sevindiyini vurğulayan qəhrəman hərbçi bildirib ki, bundan sonra da ölkəmizin ərazi bütövlüyünə qarşı hər hansı hərbi təhlükə olarsa onun qarşısının alınması üçün tam hazırdır.
İkinci Qarabağ müharibəsində keçdiyi döyüş yolu barədə xatirələrini bölüşən mayor Rəşad Qurbanov deyib: “Sentyabrın 27-də düşmənin törətdiyi təxribatın qarşısının alınması üçün Ali Baş Komandanın verdiyi əks-hücum əmrinə uyğun olaraq Füzuli rayonunda döyüş əməliyyatlarına başladıq. Bu əməliyyatlar Şuşayadək davam etdi. Lakin düşmənin artilleriya atışları nəticəsində əl və ayaq nahiyəmdən qəlpə yarası aldım. Fədakar həkimlərimizin sayəsində sağlamlığım bərpa olunub”.
Rəşad Qurbanov düşməni məhv edərək işğal altındakı torpaqlarımızın azad olunmasında iştirak etdiyi üçün fəxr etdiyini də qeyd edib: “İnşallah, Azərbaycan Respublikası bundan sonra da bütöv, müstəqil olaraq daim yaşayacaq. Bu gün də Azərbaycan Ordusunun zabiti olduğuma görə qürur duyuram. Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimizin daha da inkişaf edəcəyinə inanıram. Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”