MƏDƏNİYYƏT
Qəhrəman şəhər Murmanskda “Şimalda dostluq etmək” milli mədəniyyətlər festivalı keçirilib
Bakı, 26 aprel, AZƏRTAC
Murmansk Dostluq Evində “Şimalda dostluq etmək” milli mədəniyyətlər festivalı keçirilib. Rusiya Federasiyası Murmansk vilayətinin daxili siyasət nazirinin birinci müavini Andrey Saxarov festivalın qonaqları və iştirakçılarına müraciət edib. O, bu cür tədbirlərin bölgədəki millətlərarası və dinlərarası harmoniya üçün əhəmiyyətini qeyd edib. Kolsk Qütbarxası sahələrin mədəni həyatında fəal iştirak etdikləri, Şimalda dost olmaq və sülh içində yaşamaq istəklərinə görə iştirakçılara təşəkkür edib.
Festivalda bölgədə yaşayan iyirmidən çox millətin nümayəndəsi iştirak edib. Onlar teatr tamaşaları, vokal və rəqs nömrələri ilə çıxış ediblər.
"Azərbaycan" Mədəniyyət Mərkəzi Murmansk vilayət ictimai təşkilatı və RAGB-in yerli nümayəndəliyinin mətbuat katibi, Rusiya və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürov AZƏRTAC-a bildirdiyinə görə tamaşaçılar şövqlü Azərbaycan, özbək, yəhudi və Kareliya rəqslərindən zövq alıblar.
Kazakların, moldavanların, çuvaşların, ukraynalıların, habelə yerli kiçik Şimal əhalisi olan saamlıların nümayəndələri mahnıları ilə qonaqları sevindiriblər.
Mejdureçyedən gələn qonaqlar pomor söhbətinin xüsusiyyətlərini nümayiş etdiriblər.
Yəhudi xalqının tarixi və ənənələri ilə dinləyiciləri “Qayğı” – “Hesedin Parlaması" Yəhudi Xeyriyyə Mərkəzi tanış edib.
"Gravitsapa" gənclər ictimai təşkilatı "Dünyanın hər bir yerindən bir nəğmə" tamaşasından bir parça nümayiş etdirib. “Yaponiya Murmanskda" yapon mədəniyyəti ictimai təşkilatının nümayəndəsi Ayatori ip oyunu üzrə ustad dərsi keçirib.
Murmansk şəhərindəki almanların yerli milli-mədəni muxtariyyəti və MADU tələbələri Otfrid Proyslerin "Balaca cadugar" nağıl-hekayəsini səhnələşdiriblər.
"Ryabinovıy Kray" Rus Mədəniyyət Mərkəzi bütün iştirakçıları ənənəvi gecəyə dəvət edib.
Festivalın ən maraqlı məqamı azərbaycanlılar da daxil olmaqla Murmansk vilayətinin milli və mədəni birliklərinin nümayəndələrinin qalereyası olan "Dostluq Evinin Üzləri" adlı fotosərgisi olub.
Tədbir, Rusiya Federasiyası dövlət milli siyasəti Strategiyasının həyata keçirilməsi çərçivəsində Murmansk vilayəti Daxili siyasət nazirliyinin dəstəyi ilə “Murmansk vilayətinin Yerli Azsaylı Şimal Xalqları və Millətlərarası Əməkdaşlıq Mərkəzi” tərəfindən təşkil edilib.