CƏMİYYƏT


Qəhrəman şəhər Murmanskda keçirilən avtoyürüşdə müxtəlif millətlərin nümayəndələri iştirak ediblər

Bakı, 3 may, AZƏRTAC

Qəhrəman şəhər Murmanskda II Dünya müharibəsində Qələbənin ildönümünə həsr olunmuş avtoyürüşə start verilib.

Qələbənin 76-cı ildönümü ərəfəsində - mayın 2-də “Komsomolskaya Pravda” qəzetinin redaksiyası və Murmansk şəhərinin Lenin dairəsindəki Mədəniyyət Evinin təşkil etdiyi yürüşdə müxtəlif millətlərin nümayəndələri iştirak ediblər. Dostluq Evinin, müxtəlif milli diasporların fəalları, o cümlədən soydaşlarımız, Murmansk vilayətindəki “Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatının sədri Afil Hüseynov, sədrin müavini Hüseynəli Hüseynov və başqaları yürüşdə fəal iştirak ediblər.

Murmansk vilayətindəki “Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatının və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi, Rusiya və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürov AZƏRTAC -a bildirib ki, yürüşün marşrut xətti boyu qəhrəman şəhər Murmanskın əlamətdar memoriallarının yanında dayanacaqlar quraşdırılıb.

İlk dayanacaq 2020-ci ildə açılan “1941-1945-ci illər müharibəsi dövründə Sovet Zapolyaryesinin müdafiəçiləri olan maral nəqliyyat batalyonları döyüşçülərinin şücaətinə” xatirə kompleksi idi.

Növbəti obyekt Zapolyarye müdafiəçisi 11 oktyabr 1944-cü ildə Petsamo-Kirkenes əməliyyatı zamanı həlak olmuş Sovet İttifaqı Qəhrəmanı Anatoli Bredovun xatirəsinə qoyulan abidə idi.

Yürüşün son məntəqəsi hər bir murmansklı üçün müqəddəs yer sayılan "İkinci Dünya Müharibəsi dövründə Sovet Zapolyaryesi müdafiəçilərinin xatirəsinə" kompleksi idi.

Xatirə kompleksindəki əbədi məşəl yaxınlığında təntənəli mitinq keçirilib. Əvvəlcə ticarət limanındakı gəmilərdən fit səsi eşidilib.

Qütb bölgəsinin ürəyi sayılan bu liman müharibənin sərt illərində bir an belə öz işini dayandırmayıb, insanlara həyat və ümid verib. Tədbir iştirakçıları Zapolyaryenin həlak olmuş müdafiəçilərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İclas Zəfər Bayrağının dəqiq surətinin qaldırılması və müharibə illərindəki mahnıların səsləndirilməsi ilə sona çatıb.

Murmansk vilayətində 80 il əvvəl hər evdə baş verən müsibəti səssizcə xatırladan yüzlərlə yer var. Ancaq, 76 il əvvəl çoxdan gözlənilən xoş xəbər gəldi: Qələbə! 9 May ərəfəsində "Komsomolskaya Pravda" - Murmansk" nəşri həlak olanların xatirəsi önündə baş əymək üçün və veteranlara ehtiram əlaməti olaraq Zapolyaryenin xatirə yerləri boyunca avtoyürüş təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.