MƏDƏNİYYƏT


“Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində sərgi açılıb

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində sərgi təşkil olunub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə 44 günlük Vətən müharibəsində ordumuzun, hərbçilərimizin göstərdikləri qəhrəmanlıq nəticəsində 30 ilə yaxın işğalda qalmış torpaqlarımızın azad olunmasından söhbət açılıb. Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında Azərbaycan xalqı sıx birləşərək vətən həsrətinə son qoyub.

Qeyd edilib ki, Vətən torpaqlarının işğaldan azad olunmasında xidmətlər göstərmiş qəhrəmanlarımıza və onların ailə üzvlərinə diqqət və qayğı daima xalqımızın, dövlətimizin nəzərindədir.

Sonra tədbir iştirakçıları şəhidlərimiz polkovnik–leytenant Rəşad Quliyevin, eyni gündə şəhidlik zirvəsinə ucalmış iki qardaş kiçik çavuş Əli Əhmədov, müddətdən artıq hərbi qulluqçu İslam Əhmədov və erməni terror nəticəsində şəhidlik zirvəsinə ucalmış Fidan Qurbanovaya həsr olunan sərgi ilə tanış olublar. Sərgidə şəhidlərimizin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətinə həsr olunan fotoşəkillər və şəxsi əşyaları nümayiş olunub.

Tədbirdə şəhid ailələri, 316 nömrəli tam orta məktəbin şagirdləri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, İstiqlal Muzeyində təşkil olunan sərgi oktyabrın 31-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.