MƏDƏNİYYƏT
Qəhrəmanlar unudulmur
Bakı, 19 may, Zərəngiz Mansurova, AZƏRTAC
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun adını daşıyan 35 nömrəli Kəlbəcər rayon tam orta məktəbində “Qəhrəmanlar unudulmur” mövzusunda ədəbi-bədii tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, Əməkdar Jurnalist Adil Cəmil çıxış edərək Şahlar Şükürov kimi qəhrəmanların ömür yolunun gənc nəslə örnək olduğunu söyləyib. Bildirib ki, Azərbaycan dövləti öz qəhrəmanlarının xatirəsini əziz tutur, onların adlarının əbədiləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirir.
Yazıçı-publisist Hidayət Elvüsal, tanınmış şairlər Zakir Fəxri, Mirsəyyaf Zamanlı, Milli Qəhrəmanın bacısı Elmira Şükürova torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizəyə hər zaman hazır olduqlarını bildiriblər.
Tədbirdə məktəblilər qəhrəmanlarımıza həsr edilmiş şeirlər və mahnılar səsləndiriblər.
Sonda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən xüsusi istedadı ilə fərqlənən şagirdlərə, həmçinin müəllimlərə sertifikat təqdim edilib.