CƏMİYYƏT


“Qəhrəmanlıq nümunəsi” bioqrafik kitabının təqdimat mərasimi keçirilib

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-də Nizami Kino Mərkəzində Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə Simuzər Ağakişiyevanın “Qəhrəmanlıq nümunəsi” bioqrafik kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsində görmə qabiliyyətini itirmiş qazilərdən bəhs edən kitabda ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə görmə qabiliyyətini itirən qazilərin və onların ailə üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev, Vətən müharibəsi qazisi Kamran Baxşızadə, 2020-ci ilin oktyabrında Gəncə şəhərinə atılmış mərminin partlaması nəticəsində gözlərinin nurunu itirən Pərvin Qasımova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Əməkdar rəssam Ülviyə Həmzəyeva, Qarabağ Qazilər Birliyinin mətbuat katibi Rey Kərimoğlu və başqaları qeyd ediblər ki, qısa müddətdə hazırlanan sənədli bioqrafik kitabda 44 gün davam edən haqq savaşında qəhrəmanlıqla döyüşən və Vətənin azadlığı uğrunda öz sağlamlıqlarını qurban verən igidlərin hər birinin həyatı, döyüş yolu və yaralanması barədə ətraflı məlumat verilib. Kitabı vərəqləyən hər kəsin gözü qarşısında müxtəlif yaş kateqoriyalarına məxsus, fərqli ömür yolu olan, lakin bir amal, bir məqsəd uğrunda vuruşan Vətən müdafiəçilərinin portreti canlanır. Oxucu sanki bu qəhrəmanlarla söhbət edir, onların həyat və döyüş hekayətlərini, hiss və duyğularını, torpaqlarımızın düşmən işğalından təmizlənməsi uğrunda onların apardığı mübarizənin səhnələrini onların öz dillərindən eşidir.

Görmə üzrə əlilliyi olanların sərbəst mütaliə etməsini təmin etmək məqsədilə hazırlanmış kitab audio formatda və Brayl şrifti ilə nəşr edilib.

Layihə çərçivəsində hazırlanmış kitablar tədbir iştirakçılarına, kitabların Brayl və audio versiyaları qazilərə və Respublika Gözdən Əlillər Kitabxanasına təhvil verilib.

Qeyd edək ki, Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi bu il fevralın 1-dən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qəhrəmanlıq nümunəsi” layihəsinə start verib. Layihənin əsas məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı görmə qabiliyyətini itirmiş şəxslərin ictimaiyyətə tanıdılması və onların qəhrəmanlığının gənc nəslə nümunə olaraq çatdırılmasından ibarətdir. Cəmiyyətin təşəbbüsü və daxili imkanları ilə “Qəhrəmanlıq nümunəsi” kitabının qəhrəmanları haqqında qısametrajlı filmlərin çəkilişinə başlanılıb. Filmlərdən ibarət qısa təqdimat çarxı hazırlanaraq tədbirdə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.