REGİONLAR
Qələbə Günü münasibətilə Sumqayıtda ümumşəhər tədbiri – FOTOREPORTAJ
Sumqayıt, 9 may, Ətrabə Rzayeva, AZƏRTAC
9 May – Qələbə Günü münasibətilə Sumqayıtın mərkəzində, 1941-1945-ci illər müharibəsində həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önündə ümumşəhər tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, ki, tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Böyük Vətən müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən veteranlar müharibənin bəşəriyyətə gətirdiyi faciədən, Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıqdan, Qələbədə Bakı neftinin müstəsna rolundan bəhs ediblər. Şəhər veteranları torpaqlarımızın işğaldan azad ediləcək günün də tezliklə qeyd olunacağına inandıqlarını bildirib, onlara göstərilən dövlət qayğısından razılıq ediblər.
Sonra tədbir iştirakçıları parada tamaşa ediblər. Hərbi keçidi nəfəsli alətlər orkestri açıb. Orkestrin müşayiəti ilə “N” saylı hərbi hissəsinin qulluqçuları Azərbaycan bayrağını meydana gətiriblər.
Onların ardınca respublika “Şahin” hərbi-vətənpərvərlik oyunlarının ən yaxşı məktəb komandaları marş sədaları altında addımlayıblar.
Daha sonra tribuna önündən Sumqayıtdakı bütün ümumtəhsil məktəblərinin komandaları Azərbaycan Silahlı Qüvvələrinin qoşun növlərinin hərbi geyim formalarında nizami cərgələrlə keçiblər. Parad şəhər fidanlarının ifa etdikləri şən mahnılarla yekunlaşıb. Minlərlə sumqayıtlı paradın hərəkət etdiyi istiqamətdə fərəh doğuran mənzərəni seyr edib.