İDMAN


“Qələbə Yürüşü” kuboku uğrunda mübarizəyə yekun vurulub

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) Zəfər bayramı ərəfəsində vətənpərvərlik ruhunda təşkil olunacaq yarışlar silsiləsinə start verib.

ARAF-dan AZƏRTAC-a bildiriblər ki, oktyabrın 15–16-da “Sərhədçi” Atçılıq Mərkəzinin açıq manejində atçılıq üzrə “Qələbə Yürüşü” kuboku uğrunda konkur yarışları keçirilib.

E, L və M kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.

İlk yarış oktyabrın 15-də başlayıb. E kateqoriyası üzrə 80 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. Doqquz idmançının iştirak etdiyi mübarizədə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançısı Rəna Axundova “Tibet” ləqəbli atla birinci olub. “Elit” atçılıq klubunun idmançısı Məhəmməd İsgəndərov “Meq” ləqəbli atla ikinci, “Sərhədçi” atçılıq klubunun idmançısı Qəzənfər Fərzəliyev isə üçüncü yerdə qərarlaşıblar.

Günün ikinci yarışında L kateqoriyası üzrə hündürlüyü 110 santimetr olan yarışda 12 idmançı iştirak edib. Nəticədə “Gilan” atçılıq klubunun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla birinci yeri tutub. “Sərhədçi” atçılıq klubunun idmançısı Seyid Musayev “Ayla” ləqəbli atla ikinci, “Murad” atçılıq klubunun idmançısı Kənan Novruzov “Elano C” ləqəbli atla üçüncü, “Sərhədçi” atçılıq klubunun üzvü Seyid Musayev ikinci atı olan “Zirvə” ləqəbli atla dördüncü, “Murad” atçılıq klubunun idmançısı Kənan Novruzov isə “D’Amour” ləqəbli atla yarışı beşinci yerdə başa vurublar.

M kateqoriyalı yarışda 9 at hündürlüyü 125 santimetr olan maneələrdən ibarət yarışda iştirak edib. “Buta Golden” atçılıq klubunun idmançısı Eqor Morotski “Astrello” ləqəbli atla rəqiblərinə qalib gələrək “Qələbə Yürüşü” kubokunun sahibi olub. “Sərhədçi” atçılıq klubunun idmançısı Seyid Musayev “Zirvə” ləqəbli atla ikinci və “Ayla” ləqəbli atla üçüncü yerdə qərarlaşıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.