REGİONLAR
Qələbə sevinci ilə yaşayan qazimiz – REPORTAJ VİDEO
Qazax, 7 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Müharibədən dönən qazilərimizin söylədikləri döyüş filmlərini xatırladır. Amma bu söylənənlərin hamısı gerçək həqiqətlərdir. Onların hər birinin bir qəhrəmanlıq dastanı var. Baxmayaraq ki, bəziləri elə müharibədə 19 yaşını qeyd edib. Yaşları az olsa da, 19 illik müharibə görmüş sərkərdələr kimi döyüşüblər. Elə buna görə də onlar canlarından, qanlarından keçərək Qarabağımızı cəmi 44 günə azad ediblər.
AZƏRTAC xəbər verir ki, belə qazilərimizdən biri də Qazax şəhər sakini Kənan Musayevdir. O, 11 ay öncə həqiqi hərbi xidmətə yollanıb. Əsgərliyinin təcrübəli vaxtında isə Vətən müharibəsi başlayıb. Sentyabrın 27-dən döyüşlərə atılıb. Deyir hər kəs o günü gözləyirdi. Fürsət bu fürsət idi. Qarabağı işğaldan azad etmək.... Əsgər yoldaşları ilə Talış kəndini, Suqovuşanı işğaldan azad etdikdən sonra döyüşlərinin birində Kənanın olduğu dəstə gecə meşəlik ərazidə minalı sahəyə düşür. Burada o ayağının birini itirir. Lakin özünü itirməyən əsgər özü- özünə ilk tibbi yardım göstərir. Kənan bundan qorxmadığını, dərhal belindəki kəmərini çıxarıb ayağının yuxarı hissəsini bağlayıb qan axmanın qarşını alır. Hətta sürünərək geri qayıdıb minaların üstünü təmizləyib əsgər yoldaşlarının da görməsi üçün işarələyir və beləliklə minalı sahədən özünün və yoldaşlarının təxliyə olunmasına yardım etmiş olur. “Komandir heyəti də əsgərlərə ruh yüksəkliyi verirdi. Bizim ordumuz həqiqətən deyib gülə-gülə müharibəyə getdi. Ermənilərin postunda kamera var idi. Biz ora qalxdıq kameranı vurduq ki, çəkməsinlər. Orda onların bayrağını da çıxararaq ora öz bayrağımızı taxdım. Ayağımı itirdiyimə görə təssüflənməmişəm. Ayağıma protez qoyulsa yenə də canla-başla vətənin xidmətinə gedərəm”,-deyir Kənan Musayev.
Anası Məhəbbət Məmmədova deyir ki, oğlunun döyüşlərdə iştirak etməsindən qürur hissi keçirib. Qələbə xəbərlərini isə sevinc gözyaşıları ilə qarşılayıb. “Oğlum minaya düşdüyünü mənə deməmişdi, gizlətmişdi. Sonradan bunu mənə onun dostları dedi. Fəxr edirəm ki, mənim də oğlum torpaqlarımızın işğaldan azad edilməsində iştirak edib və şəhidlərimizin qanı yerdə qoymayıb”, – deyə qazi anası bildirib.
Qazimiz gələcək üçün çoxlu planlar qurub. Mülki həyatda hərbi xidmətə getməzdən öncə çilingər işlədiyindən yenidən bu peşədə çalışmağı düşünür.