SİYASƏT


Qələbəmiz gələcək uğurlarımızın başlanğıcı, regionun isə sabitliyinin təminatıdır

Bakı, 11 noyabr, Səadət Hakıyeva, AZƏRTAC

Ermənistanın təslim olaraq sülhə məcbur qalması, işğal olunmuş torpaqlardan düşmən qoşunlarının çıxarılması dövlətimiz, xalqımız üçün çox əhəmiyyətli hadisədir. Bu, müstəqil Azərbaycanın tarixində mühüm və bütöv qələbədir. Artıq biz Qələbə qazandıq. Azərbaycan öz gücü, qüdrətli Ordusu, Müzəffər Ali Baş Komandanımızın müdrikliyi, uzaqgörənliyi, qətiyyəti hesabına zəfər qazandı. Əsgərlərimiz işğal altındakı torpaqlarımızı azad edərək öz əlləri ilə bayrağımızı oralara sancdılar.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, bizim cəbhədə əldə etdiyimiz qələbələr qarşı tərəfi məcbur etdi ki, təslim olsunlar və danışıqlara başlasınlar. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin birgə bəyanatında Azərbaycan üçün çox vacib maraqlar təmin olunur. Naxçıvanla quru nəqliyyat yolunun təmin olunması olduqca vacib amildir. Dünya bu gün Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha gördü.

Deputat vurğulayıb ki, xalq-ordu birliyi bu qələbəni daha da sürətləndirdi. Hər kəs orduya inandı, güvəndi. Biz bilirik ki, ön cəbhədə Vətənini, torpağını canından artıq sevən igid, qorxmaz, qəhrəman oğullarımız var. Bu oğullar düşmənə qan uddurdu, onları Vətən torpağından qovaraq xalqına Qələbə sevinci yaşatdı. Düşmən bilməlidir ki, bu torpaqlar yenilməz, cəsur, Vətəni, torpağı üçün canından keçən bir xalqa aiddir. Xalqımız öz torpağının bir qarışını belə heç kimə güzəştə getməyəcək.

Müşfiq Cəfərov deyib: “Artıq 28 il haqqında danışılan və işğal altında olan 7 rayonu geri qaytardıq. Məcburi köçkünlər çoxdandır ki, həsrət qaldıqları öz yurdlarına geri dönəcəklər. Təbii ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu rayonları bizə sülh yolu ilə qaytarmayacaqdı. Artıq ərazi bütövlüyümüz təmin olunur. Bu tarixi Qələbə gələcək bütün uğurların başlanğıcı, regionun isə sabitliyinin təminatıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.