MƏDƏNİYYƏT
Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyi qeyd olunub
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da Beynəlxalq Muğam Mərkəzində tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, gecə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 25 noyabr tarixli Sərəncamına uyğun olaraq reallaşdırılıb.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək görkəmli bəstəkarın həyat və yaradıcılığından söz açıb. Bəstəkarın 45 il ömür sürdüyünü qeyd edərək bu ömrün bir yaradıcı insan üçün çox qısa olduğunu söyləyib. Bildirib ki, 1916-cı ildə Gəncədə dünyaya gələn Qəmbər Hüseynli uşaq yaşlarından musiqiyə meyil göstərib. Diqqətə çatdırıb ki, musiqi məktəbində tar sinfində oxuyan Q.Hüseynli 1934-cü ildə təhsilini davam etdirmək üçün Bakıya gəlir və musiqi kollecinə daxil olur. Burada tarla yanaşı, violonçeldə ifa etməyi də öyrənir.
Qeyd edilib ki, bəstəkar Azərbaycan folkloruna bağlı insan olub. Qəmbər Hüseynli qısa ömrü ərzində milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkardır. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun xalq musiqisi zəminində təşəkkül tapmış və dərin lirizmi ilə səciyyələnən yaradıcılığının özünəməxsus yeri vardır. Bəstəkarın 1948-ci ildə qələmə aldığı “Cücələrim” əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır. Bu hər yaradıcı insana nəsib olmur.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov bildirib ki, Qəmbər Hüseynli incəsənətimizdə əfsanəyə dönmüş insanlardandır. Qeyd edib ki, Üzeyir Hacıbəylinin ənənələrini davam etdirən bəstəkar Azərbaycan musiqisinin saflığı naminə çalışıb.
Qəmbər Hüseynlinin yaradıcılığının janr baxımından çoxşaxəli olduğu vurğulanaraq bildirilib ki, mahnı, kamera əsərləri, xalq çalğı alətləri üçün musiqilər və digər janrlarda yazdığı əsərlər sənətkara hər zaman şöhrət gətirib.
Sonra tanınmış ifaçılar bəstəkarın "İnsafsızsan sən", "Bulağa gəlsin", "Ay dağlar", "İlk məhəbbət", "Olan oldu", "Tel nazik", "Gülə-gülə", "Ay işığında", "Nə vaxta qaldı" və digər nəğmələrini səsləndiriblər. İfaçıları Gəncə Dövlət Filarmoniyasının "Göygöl" ansamblı müşayiət edib.