MƏDƏNİYYƏT
Qəmər Almaszadə adına Rəqs Müsabiqəsinin münsiflər heyəti açıqlanıb
Bakı, 25 iyun, AZƏRTAC
Bakıda keçiriləcək Qəmər Almaszadə adına ikinci Beynəlxalq Rəqs Müsabiqəsinə start verilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Bakı Xoreoqrafiya Akademiyası tərəfindən keçirilən müsabiqəyə 10 ölkədən milli, modern və klassik rəqs nümayəndələri qatılıblar.
Müsabiqə çərçivəsində Bakıya gələn qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin məzarını, daha sonra isə Şəhidlər xiyabanını ziyarət ediblər. Görkəmli rəqs ustası, Şərqin ilk balerinası, Xalq Artisti Qəmər Almaszadənin xatirəsi də anılıb.
Müsabiqənin münsiflər heyətinə Rusiyanın Xalq Artisti, professor, Dövlət mükafatları laureatı, Moskva Dövlət “Rus Baleti” Vilayət Teatrının yaradıcısı və daimi bədii rəhbəri Vyaçeslav Qordeyevdir. Heyətdə Azərbaycanın Xalq artistləri Rəfiqə Axundova, Roza Cəlilova, Afaq Məlikova, Ukraynanın Xalq Artisti, professor, Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü, Slobojan Ukrayna Böyük Akademik Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və baş baletmeysteri Boris Kolnoquzenko, “Stara Zagora” Opera Teatrının rejissoru və bədii rəhbəri, beynəlxalq mükafatlar laureatı, Bolqarıstan balet assosiasiyasının rəhbəri, UNESCO-nun rəqs sənəti üzrə milli komitəsinin Bolqarıstan üzrə sədri Silviya Tomova, Estoniyanın Əməkdar Artisti, Sankt-Peterburq “Dance Open” Balet Festivalının bədii rəhbəri, UNESCO-nun beynəlxalq rəqs şurasının üzvü, “Marius Petipa irsi” Beynəlxalq Fondunun təsisçisi və prezidenti, professor Vasili Medvedev, İsrail Dövlət Baletinin prima balerinası və bədii rəhbəri, “İsrailin ən yaxşı balerinası” mükafatı laureatı, Beynəlxalq Xoreoqraflar İttifaqının İsraildən olan daimi üzvü Nina Gerşman, Azərbaycan və Rusiyanın Əməkdar artisti, Dövlət mükafatları laureatı, professor Vitali Axundov kimi görkəmli şəxslər yer alıb.