SİYASƏT
Qənirə Paşayeva Avropa Şurası Nazirlər Komitəsini Ermənistanın cinayətlərinə laqeyd qalmamağa çağırıb
Strasburq, 25 iyun, AZƏRTAC
“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında azərbaycanlılara məxsus qədim tarixi-mədəni abidələr dağıdılıb. Bu abidələr Azərbaycanla bərabər dünya mədəniyyətinin də bir parçasıdır. Mənim əlimdə dağıdılmış bütün abidələrin əvvəlki və hazırkı fotoları, materiallar var. Onları sizə təqdim edə bilərəm. Ermənistanın yeni rəhbərliyinin Sarkisyan rejiminin törətdiyi bu cür dəhşətli cinayətləri davam etdirməməsi, buna son qoyulması üçün Nazirlər Komitəsi olaraq nə edə bilərsiniz? Nazirlər Komitəsi Ermənistanın bu cinayətinin qarşısını almaq üçün hansı addımları ata bilər? Abidələrin məhv edilməsinin qarşısını almaq üçün dəstəyinizə böyük ehtiyac var. Bu istiqamətdə Nazirlər Komitəsindən hansı addımları gözləmək olar?”, - deyə deputat Qənirə Paşayeva AŞPA Nazirlər Komitəsinin sədri Mariya Peyçinoviç Buriçiyə sualla müraciət edib.
Nazirlər Komitəsinin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin Nazirlər Komitəsinin səlahiyyətində olmadığını, ATƏT-in Minsk qrupunun səlahiyyətində olduğunu bildirib.
Bununla belə, Avropa Şurası tərəflərə dəfələrlə çağırışlar edib. Onları dialoqa səsləyib, münaqişənin sülh yolu ilə həllinə, dağıdıcı aktları dayandırmağa çağırdığını qeyd edib.
Milli Məclisin deputatı Qənirə Paşayeva AŞPA Nazirlər Komitəsinin sədri Mariya Peyçinoviç Buriçinin Assambleyada çıxışından və suallara cavabından sonra onunla görüşüb. Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı məlumat və şəkilləri təqdim etməyə hazır olduğunu və Ermənistanın bu vandalizm aktlarını dayandırmaq üçün Nazirlər Komitəsinin müvafiq addımlar atmasının vacibliyini sədrin diqqətinə çatdırıb və buna böyük ehtiyac olduğunu xüsusi vurğulayıb.
Azərbaycanın işğalçı Ermənistan tərəfindən dağıdılan qədim tarixi-mədəni abidələrinin, eyni zamanda, dünya mədəniyyətinin də bir parçası olduğunu vurğulayan Qənirə Paşayeva Nazirlər Komitəsini Ermənistanın cinayətlərinə laqeyd qalmamağa çağırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq