SİYASƏT
Qənirə Paşayeva: Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən qüvvələrin bütün cəhdləri uğursuzluğa məhkumdur
Bakı, 18 yanvar, Ayla Sadıq, AZƏRTAC
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi “qətnamə” qərəzlidir. Avropa Parlamentində bir qrup deputat davamlı olaraq Azərbaycan əleyhinə yalan, böhtan xarakterli məlumatlar yayaraq bu cür “sənədlər”in qəbul olunmasına çalışır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışlarında da qeyd olunduğu kimi, ölkəmiz əleyhinə bu cür qərəzli yanaşmalar nümayiş etdirənlərin, belə “sənədlər”i hazırlayanların arxasında hansı güclərin, hansı maraqların dayandığını Azərbaycan dövləti çox yaxşı bilir. Onlar bundan Azərbaycan dövlətinə qarşı təzyiq mexanizmi kimi istifadə edirlər. Bu güclərin əsas maraqlarından biri də ondan ibarətdir ki, onlar Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığın inkişafına zərbə vurmaq istəyirlər. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq istiqamətində addımlar atılmağa başlayanda həmin qüvvələr hər zaman bu cür qərəzli çıxışlar edirlər və əməkdaşlığa zərbə vurmaq istəyirlər. Bunlar artıq davamlı fəaliyyət göstərən, özünü ifşa etmiş qüvvələrdir. Məqsəd Azərbaycanın imicini zədələmək, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının genişlənməsinə mane olmaqdır. Bu qüvvələrin arxasında erməni lobbisinə işləyən güclər dayanır.
Qənirə Paşayeva bildirib ki, Avropa Parlamentində qəbul olunan bu cür “sənədlər” bütövlükdə Azərbaycan dövlətinə, xalqına qarşı atılmış addımlardır. Ona görə də Azərbaycan birmənalı şəkildə bu cür “sənədlər”i qəbul etmir. Belə kağız parçalarının ölkəmizə qarşı təzyiq mexanizmi kimi işə salınmasını qəti şəkildə pisləyirik. Bu cür təzyiq mexanizmlərinin heç bir faydası olmayacaq. Azərbaycan müstəqil dövlətdir, milli maraqlarımıza xidmət edən müstəqil siyasət yürüdür. Bunu bəzi qüvvələrin gözü götürmür. Azərbaycan dövləti onunla bu cür təzyiq dili ilə danışılmasını heç zaman qəbul etməyəcək. Ona görə də bu qüvvələrin bütün cəhdləri əvvəl olduğu kimi uğursuzluğa məhkumdur.