SİYASƏT
Qənirə Paşayeva: İnformasiya cəbhəsindəki mübarizəmiz ön cəbhədə Ordumuzun göstərdiyi fədakarlığı tamamlayır
Bakı, 13 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC
İşğalçı Ermənistan xarici havadarlarının və şəbəkələşmiş erməni lobbisinin böyük dəstəyi ilə ön cəbhədəki mövcud vəziyyət haqqında beynəlxalq səviyyədə “informasiya vakuumu” yaratmağa çalışır. Düşmən öz yalan, hiyləgər siyasətini ənənəvi və yeni auditoriyalara sırımaq istiqamətində uğursuz cəhdlər göstərməkdədir.
Azərbaycan hələ əks-hücum əməliyyatından əvvəl işğalçı ölkə tərəfindən törədilən ardıcıl, məqsədyönlü təxribatları, o cümlədən informasiya təxribatlarını və erməni yalanlarını sistemli şəkildə ifşa edərək həqiqəti üzə çıxardı. Erməni yalanlarının ifşası bu gün də bütün mümkün vasitələrdən istifadə olunmaqla həyata keçirilir. Təbii ki, informasiya cəbhəsində aparılan iş ön cəbhədəki qədər əhəmiyyətlidir. Belə demək mümkündürsə, informasiya cəbhəsindəki mübarizə ön cəbhədə Ordumuzun göstərdiyi fədakarlığı tamamlayır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.
Komitə sədri diqqətə çatdırıb ki, hələ iyulda Ermənistanın Tovuza təxribatçı hücumundan əvvəl Azərbaycan Prezidentinin bütün beynəlxalq platformalarda işğalçı Ermənistanın iç üzünü, təcavüzkar siyasətinin ifşa etməsi münaqişə ilə bağlı yeni dövr informasiya müharibəsində xüsusi səhifə təşkil edir. “Beynəlxalq hüququn norma və prinsiplərindən uzaq olan və ona qarşı çıxan Ermənistanın Azərbaycana yeni hücum planları qurduğu Prezident İlham Əliyev tərəfindən bütün dünyaya çatdırıldı. Nümunə olaraq Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 75-ci Sessiyasındakı çıxışını xatırlatmaq istərdim. Ermənistanın təkzibedilməz faktlarla sübuta yetirilən yeni işğalçılıq siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən pislənməməsi, işğalçıya xəbərdarlıq edilməməsi onu daha da “ərköyünləşdirdi” və yeni təxribatlara həvəsləndirdi. Nəhayət, sentyabrın 27-də Ermənistan öz təcavüzkarlığını daha qanlı mərhələyə daşıdı. Məhz həmin gün səhər saat 6-da başlayan növbəti erməni təxribatına cavab olaraq, Ali Baş Komandanın əmri ilə Ordumuz bütün cəbhə boyu əks-hücuma keçdi. Mərd əsgərlərimiz qısa müddət ərzində torpaqlarımızı işğaldan azad etməyə başladılar. Düşmənlə onun öz dilində danışmaq lazım gəlir”, - deyə deputat bildirib.
Azərbaycanın informasiya cəbhəsində uğurlarından danışan Qənir Paşayeva bildirib ki, müharibənin yeni mərhələsi başlayandan bəri Prezident İlham Əliyev dünyanın bir sıra nüfuzlu telekanalına (“CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”, “TRT Haber”, “Rossiya-1”, “Pervıy Kanal”, RBK) geniş müsahibələr verib. O deyib: “Dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı başlatdığı elan olunmamış müharibənin tarixi, səbəbləri, hazırkı durumu, eləcə də dövlətimizin, xalqımızın haqlı mövqeyi haqqında danışdı. Ermənistanın işğalçılıq siyasətinə münasibətdə əsas götürülməli olan tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıran Azərbaycan Prezidenti ölkəmizin mövqeyinin haqlı olduğunu təkzibolunmaz faktlarla diqqətə çatdırdı. Necə deyərlər, hər kanalın öz dili ilə danışan Prezident İlham Əliyevin verdiyi cavablar peşəkar dövlət xadimi, qətiyyətli Ali Baş Komandan, müdrik diplomat və səmimi həmsöhbət örnəyini bütün dünyaya bir daha göstərdi. Mən bu məqamları müsahibələrin əsas mövzusundan, Azərbaycan həqiqətlərinin yayılmasından heç də az önəmli hesab etmirəm. Yalnız həqiqəti demək yox, o həqiqəti necə demək də özlüyündə bir məharət tələb edir”.
Komitə sədrinin sözlərinə görə, Prezident İlham Əliyevin müsahibələrində Azərbaycana qarşı feyk xəbərlər ifşa edilir, Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına sarsıdıcı zərbə vurulur. Beləliklə, işğalçı ölkənin lobbi şəbəkəsi və güclü havadarlarına arxalanaraq yenidən münbit informasiya mühiti yaratmaq planı pozuldu. Bütün ictimaiyyət gördü ki Azərbaycan Prezidenti Ali Baş Komandan kimi döyüş cəbhəsində nə qədər məqsədyönlü addımlar atırsa, informasiya cəbhəsində də eyni məqsədyönlülüklə, qətiyyətlə dövlət və milli maraqlarımızı qoruyur.
“Azərbaycan Prezidenti istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışlarında xalqın sözünü və mövqeyini ifadə edir, vətəndaşın ürəyindən xəbər verir. Bu müsahibələr bir daha nümayiş etdirir ki, Azərbaycan xalqı öz rəhbərini onun iradəsini ən layiqli şəkildə müdafiə etmək qabıliyyətinə malik lider hesab edir, ona güvənir və onu tam dəstəkləyir. Əlbəttə, belə bir dəstək hər dövr üçün qiymətlidir. Ancaq etiraf edək ki, indiki həssas dönəmdə bu, xüsusilə böyük önəm daşıyır. Dövlətimiz var olsun. Qarabağ Azərbaycandır!”, - deyə Qənirə Paşayeva fikirlərini yekunlaşdırıb.