SİYASƏT
Qənirə Paşayeva: Respublika Günündə Ağdamda təməlqoyma mərasiminin keçirilməsi Müzəffər Ali Baş Komandanın növbəti qələbəsidir
Bakı, 3 iyun, AZƏRTAC
Bu ilin payızında dövlət müstəqilliyimizin bərpasının 30-cu ildönümünü qeyd edəcəyik. Mayda isə Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünü qeyd etdik. Cümhuriyyətin builki ildönümünü 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş Ağdam şəhərində qeyd etdik. Prezident İlham Əliyev məhz Respublika Günündə yeni Ağdamın təməlini qoydu. Bəs gəlin görək 28 May - Respublika Günü Ağdam şəhərində neçə il qeyd olunub? Dövlət səviyyəsində bu bayram 3 dəfə - 1919, 1992 və 1993-cü illərdə, qeyri-rəsmi isə iki dəfə - 1920 və 1991-ci illərdə, eyni zamanda, sovet dövründə gizli şəkildə kiçik qruplarla qeyd olunub. İndi isə Ağdam azad olunub. Müharibədən sonra ilk Respublika Günündə dövlətimizin başçısı Ağdamda idi və şəhərin bərpasının təməl daşını qoydu. Bu faktın özü bir bayramdır, həm də ikiqat bayramdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Deputat vurğulayıb ki, cəmi 7 ay əvvəl işğaldan azad olunan, on illər ərzində erməni vandalları tərəfindən tamamilə dağıdılan Ağdamın xarabalıqları üzərində yeni şəhər inşa etmək yetərincə çətin işdir. Özü də ağıllı, abad və yaşıl şəhər! Şəhərin baş planının qısa müddətdə hazırlanması da təqdirəlayidir. Bu, özündə siyasi iradə, mədəni səviyyə, iqtisadi güc və gələcəyə böyük baxış kimi amilləri birləşdirir. Respublika Günündə Ağdamda təməlqoyma mərasiminin keçirilməsi Müzəffər Ali Baş Komandanımızın növbəti qələbəsidir.
“İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir. Bu ərazilər baş planlar əsasında bərpa olunacaq, yenidən qurulacaq. Müharibədən yenicə çıxmış ölkə üçün bu, o qədər də asan məsələ deyil. Nəzərə almalıyıq ki, biz, sadəcə, müharibə etməmişik, biz ağır işğala son qoymuşuq. Müharibə bizim ərazilərdə gedib. Özü də düşmən yalnız cəbhədə deyil, hər yerdə dağıntı, insan tələfatı törətməyə can atır, mülki infrastrukturu raket atəşinə tuturdu. Gəncə, Tərtər, Bərdə, Naxçıvan, Goranboy, Naftalan, Yevlax, Mingəçevir, Qəbələ, Xızı düşmənin hədəfinə tuş gəlirdi. Düşmən qadağan edilmiş raketlərdən istifadə edirdi. Məqsəd daha çox dağıntı və insan tələfatı törətmək idi”, - deyə deputat bildirib.
Qənirə Paşayeva vurğulayıb ki, Azərbaycan təkcə döyüş meydanında deyil, informasiya cəbhəsində də mübarizə aparırdı. Təzyiqlərə, təhdidlərə baxmayaraq, dövlət-xalq birliyinin qalib gəldiyini qeyd edən komitə sədri deyib: “Bizim gücümüz birliyimizdədir. Düşmən birliyimizin qarşısında duruş gətirə bilmədi. Azərbaycan Prezidenti nəyi nə zaman, harada və necə etmək lazım olduğunu Ağdamın bərpasına başlamaqla bir daha sübuta yetirdi.
Ağdam şəhərinin yenidənqurulmasına 140 illik tarixə malik 1 saylı məktəbdən başlanması rəmzi məna daşıyır. Bu, gələcək nəsillərə mesajdır. Bu, tarixə, irsə xüsusi qayğının ifadəsidir. Bu, gələcəyi necə formalaşdırmaq istəyimizin təsdiqidir. Çünki biz Ağdamın, Qarabağın gələcəyini təhsil, təlim-tərbiyə və elmlə sıx bağlılıqda görürük. Gələcək gənclərindir. Xoşbəxt gələcək quruculuğunda mədəniyyətə, tarixə, Azərbaycan həqiqətlərinə xüsusi önəm verilməsi – işğalın izlərini və zəfərimizi dərindən ehtiva edən muzeyin yaradılması dediklərimizə sübutdur”.
“Dövlətimizin Qarabağla bağlı quruculuq strategiyasının özünəməxsus meyarları var”, - deyən deputat bildirib ki, bu strategiyada hər şəhərin, kəndin öz yeri var. Füzulidə beynəlxalq aeroport tikilir. Zəngilan mühüm beynəlxalq dəmir yolu qovşağına sahib olacaq, Laçında da aeroport tikiləcək. Azərbaycanın ürəyi olan Şuşa isə mədəniyyət paytaxtımızdır. Şuşa ilə bağlı bu günlərdə qanun qəbul edilib. Qanuna əsasən, burada dövlət qoruğu yaradılacaq. Kəlbəcərimiz dörd mövsüm turizmin, o cümlədən müalicə turizminin döyünən qəlbinə çevriləcək.
Q.Paşayeva Qarabağın başdan-başa erməni vandalizminin izlərini daşıdığını qeyd edib. Bildirib ki, bizim bunları unutmağa haqqımız yoxdur. Ermənilərin insanlıq əleyhinə törətdiyi günahları gələcək nəsillər də görməli, duymalı və bilməlidirlər. Çağdaş dünyada heç kəs ermənilər qədər vandallıq törətməyib. Ermənistan həm indiki, həm də gələcək nəsillər qarşısında cavab verməlidir.
“Qırx dörd günlük Vətən müharibəsindəki Qələbəmiz ümumbəşəri mahiyyət daşıyır. Biz erməni faşizmini məhv etmişik. Uğurlarımızın əsasında güclü dövlət və müstəqil siyasət dayanır. Əgər biz güclü, müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Amma güclü və müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Regionda və beynəlxalq aləmdə öz sözü və yeri olan Azərbaycan qalib dövlət kimi daha da inkişaf edəcək. Ölkəmiz doğma Qarabağın yenidən qurulması ilə daha da qüdrətlənəcək”, - deyə deputat vurğulayıb.