CƏMİYYƏT


Qənirə Paşayeva Silahlı Qüvvələr Günü münasibətilə Şuşada xidmət edən bir qrup əsgər və zabitlə görüşüb

Bakı, 27 iyun, AZƏRTAC

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Şuşada qulluq edən bir qrup əsgər və zabitlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Qənirə Paşayeva hərbçilərimizi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərək “Şuşa İli”ndən, Şuşanın qeyri-adi üsulla azad edilməsindən, ümumən Azərbaycan Ordusunun tarixindən söz açıb, 44 günlük müharibədəki tarixi Zəfərimizi dünya azərbaycanlılarının, türk dünyasının böyük qüruru kimi xarakterizə edib.

“Bu gün Qafqazlarda ən modern ordu hesab olunan Azərbaycan Ordusu, dünya orduları sıralamasında da layiqli yer tutur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə ölkəmizin hərbi qüdrətini artıran dövlət siyasəti həyata keçirilir. Prezidentin özünün dediyi kimi, biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

44 günlük müharibədə qazanılan tarixi Zəfər, yaranmış yeni gerçəkliklər ordu quruculuğumuzda da müəyyən islahatları zəruri qılıb. Artıq Komando briqadaları yaradılır və onlar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaq. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Yəni, Azərbaycan Ordusu tarixi Zəfərdən sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qorumaqdadır”.

Q.Paşayeva və onunla birgə görüşdə iştirak edən vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, iş dünyasının təmsilçiləri - Nəfəs İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, “UMAY – Türk dünyası Qadınlarına dəstək” İctimai Birliyinin sədri Vəsilə Abulova, “Unity Company” MMC-nin rəhbəri Fikrət Əliyev və sözügedən şirkətin meneceri Zərifə Arzumanova, rejissor Elnurə Kazımova, ictimai fəal xanımlar Rəna Əmirəliyeva, Nilufər Lətif, Şəhla Əliyeva, Nigar Əlizadə, şair Sərvər Kamranlı hərbçilərimizə Qarabağ motivli xatirə hədiyyələri təqdim ediblər. İştirakçıların hər biri əsgərlərimizi Silahlı Qüvvələr günü münasibətilə ürəkdən təbrik edib, “dövlətimiz və xalqımız hər zaman yanınızdadır” deyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.