ELM VƏ TƏHSİL
Qərb Universitetində abituriyentlərin imtahanlara psixoloji hazırlığı aparılıb
Bakı, 29 iyun, AZƏRTAC
Qərb Universitetində "Hədəf" kursları ilə birgə “Abituriyentlərin imtahana psixoloji hazırlığı” mövzusunda seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda Türkiyənin İstinye Universitetinin insan resursları şöbəsinin rəhbəri Eda Ustanın, bu universitetinin rektor yardımçısı Göksel Aşanın, “Loqos” Psixoloji və Nitq Mərkəzinin direktoru Təranə Məmmədovanın, “Üstün zəkalılar” İnkişaf və Psixologiya Mərkəzinin direktoru Aynur Akmeşenin, "Hədəf kursları" MMC-nin baş direktoru Şəmil Sadiqin və Eros Psixologiya Mərkəzinin direktoru Vəfa Əkbərin məruzələri dinlənilib. Sonra tanınmış psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov “İmtahan həyəcanının azaldılması yolları”, Qərb Universitetinin dosenti Rauf Həsənov isə “Doğru ixtisas seçimi” mövzusunda təqdimatla çıxış ediblər.
Abituriyentlərə özünə inam hissinin aşılanması, stressin, həyəcanın, ümidsizliyin, qərarsızlığın aradan qaldırılması, imtahan müddətində zamanın düzgün bölünməsi, ixtisas seçimində düzgün seçim etmələri və s. mövzular ətrafında tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.