QAN YADDAŞI
Qərb bölgəsində 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla yad edilib
Tovuz, 20 yanvar, Famil Quliyev, AZƏRTAC
Yanvarın 20-də ölkəmizin hər yerində olduğu kimi, qərb bölgəsində də 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tovuz şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların məzarları üzərinə əklil və gül dəstələri düzüblər. Burada şəhidlərin ruhuna dualar oxunub.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov çıxış edərək bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin soyuq qış gecəsində imperiya ordusunun vəhşiliyi nəticəsində 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib.
Sonra mərasim iştirakçıları Tovuzdakı Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən sərgi ilə tanış olublar.
X X X
20 Yanvar faciəsinin 28-ci ildönümü Ağstafada da ehtiramla qeyd olunub. Minlərlə rayon sakini Şəhidlər xiyabanına gələrək, 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri tərəfindən əklil və gül dəstələri qoyulub, şəhidlərin məzarları üzərinə tər qərənfillər düzülüb, ölkəmizin azadlığı və suverenliyi naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilib.
Anım tədbirində şəhidlərin qəhrəmanlığını vəsf edən şerlər söylənilib.
Həmçinin rayonun Vurğun qəsəbəsində 20 Yanvar şəhidi Habil Əzizovun məzarı, Ağstafa şəhərində, Xətai, Göycəli və Dağ Kəsəmən kəndlərində Azərbaycanın Milli Qəhrəmanları Rafiq Alıcanovun, İlham Həsənovun, Novruz Qurbanovun və Arif Qədiməliyevin büstləri də ziyarət edilib.
X X X
Yanvarın 20-də Qazax şəhərindəki Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar izdihamlı anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin ruhuna dua oxunduqdan sonra mərasim iştirakçıları xiyabandakı memorial abidə kompleksinin önünə gül dəstələri qoyub, Vətənimizin oğul və qızlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra mərasim iştirakçıları Qazax Dövlət Dram Teatrında Xalq Yazıçısı Elçin Əfəndiyevin eyni adlı pyesi əsasında hazırlanmış “Cəhənnəm sakinləri” tamaşasına baxıblar. Aktyorlardan Aydın Orucov, İlqar Hacalıyev və Nazilə Məmmədovanın rol aldığı tamaşa iştirakçılar tərəfindən maraqla qarşılanıb.
X X X
Şəmkir şəhərində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar keçirilən mərasimdə şəhidlərin xatirəsi ehtiramla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyətin nümayəndələri Şəmkir şəhərində yerləşən 20 Yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyublar.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov xalqımıza qarşı törədilən Qanlı Yanvar faciəsinin səbəbləri barədə danışıb. Qeyd olunub ki, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində dağılmaqda olan sovet imperiyası öz ömrünü uzatmaq, müstəqillik uğrunda mübarizəyə qalxmış xalqları bu mübarizədən çəkindirmək üçün qanlı qırğınlar törətməkdən belə çəkinməyib. Belə qanlı hadisələrdən biri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilib. Həmin vaxt müstəqillik arzusu ilə meydanlara çıxan əliyalın, günahsız insanlara qarşı sovet ordusu tərəfindən bəşəri cinayət törədilib.
Bildirilib ki, bu qanlı hadisəyə ilk olaraq münasibət bildirən ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək faciəni törədən sovet rəhbərliyini kəskin şəkildə tənqid edib.
Mərasimdə məktəblilərin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompozisiya nümayiş etdirilib.
Sonra rayon rəhbərliyi və tədbir iştirakçıları Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət edərək üzərinə tər-çiçəklər qoyublar.