REGİONLAR
Qərb bölgəsində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Tovuz, 26 fevral, Famil Quliyev, AZƏRTAC
Xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin 26-cı ildönümü qərb bölgəsində də silsilə tədbirlərlə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar fevralın 26-da Tovuz Rayon Gənclər Evində keçirilən anım mərasimində Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanlı və başqaları çıxış edərək, insanlığa qarşı ən amansız kütləvi terror hadisələrindən olan Xocalı soyqırımının dəhşətlərindən danışıblar. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni millətçiləri rus hərbi birləşmələrinin köməyi ilə Xocalıda misli görünməyən qətliam törədiblər. Həmin müdhiş fevral gecəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb.
Tədbirin sonunda Xocalı faciəsinin dəhşətli anlarını əks etdirən sənədli film nümayiş etdirilib, iştirakçılara Xocalı soyqırımı ilə bağlı hazırlanan bukletlər paylanıb, məktəblilər Xocalı soyqırımına aid şeirlər söyləyiblər.
X X X
Ağstafa Musiqi Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesində təşkil olunmuş "Xocalıya ədalət!" mövzusunda uşaq və yeniyetmələrin əl işlərindən ibarət rəsm sərgisinə baxıblar.
Musiqi Mərkəzinin akt zalında davam edən tədbirdə erməni daşnaklarının Xocalı şəhərində dinc insanlara qarşı törətdiyi vəhşiliklərdən, cinayət və vandalizm aktlarından danışılıb.
Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub, Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib.
X X X
Xocalı faciəsinin ildönümü Şəmkir rayonunda da silsilə tədbirlərlə qeyd olunub.
Fevralın 26-da rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri Şəmkir şəhərindəki Bayraq Meydanından Şəhidlər xiyabanına qədər yürüş ediblər. Yürüşə 2 mindən artıq rayon sakini qatılıb. Şəhidlər xiyabanında Xocalı soyqırımı abidəsinin önünə tər çiçək dəstələri düzülüb, şəhidlərin xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirində çıxış edənlər erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən bəhs edib, Xocalı faciəsinin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıblar. Bildirilib ki, öz miqyasına və dəhşətli nəticələrinə görə heç bir tarixi hadisə ilə müqayisə olunmayan Xocalı soyqırımının törədilməsində əsas məqsəd Dağlıq Qarabağı və Azərbaycanın digər torpaqlarını ələ keçirmək, xalqımızın mübarizə əzmini qırmaq idi.
Diqqətə çatdırılıb ki, hazırda Xocalı qətliamı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə rəhbərliyi, eləcə də Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü iş aparılır.
X X X
Qazax rayonunun Şəhidlər xiyabanında Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə rayon rəhbərliyi, hərbi hissələrin, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəxsi heyəti, çoxsaylı əmək kollektivləri, müharibə və əmək veteranları, gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə qərənfil dəstələri düzüblər.
Gənclər Mərkəzində davam etdirilən tədbirdən öncə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov anım mərasimində çıxış edərək Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən danışıb. Qeyd edilib ki, Xocalı soyqırımının tanıdılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunub, əsl həqiqət dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılıb.
Sonra Xocalı soyqırımını əks etdirən film nümayiş olunub.
Tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında “Xocalı”, “Xocalını unutmadıq”, S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbin şagirdlərinin ifasında “Vətən sevgisi” adlı kompozisiyalar və Qazax Dövlət Dram Teatrı aktyorlarının ifasında Xocalı soyqırımına həsr olunmuş səhnəciklər nümayiş etdirilib.
M.Hüseyn adına məktəb-liseyin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyib, şəhər 1 və 2 saylı musiqi məktəblərinin xor dərnəkləri üzvlərinin ifasında “Sarı gəlin”, “Qalx ayağa Azərbaycan” və İ.Qayıbov adına şəhər 3 saylı tam orta məktəb şagirdlərinin ifasında “İgid əsgər” mahnıları ifa olunub.