REGİONLAR
Qərb bölgəsinə qar yağıb VİDEO
Qərb bölgəsi, 18 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC
Ötən gün səhər saatlarından başlayaraq qərb rayonlarında da hava şəraiti kəskin dəyişib. Bölgəyə qar yağıb. Aran hissədə qarın qalınlığı 10-15 santimetr təşkil edib.
AZƏRTAC xəbər verir ki, ciddi fəsadlar yaratmasa da, qarın yağmasına əsasən həmişəki kimi uşaqlar sevinib. Təsərrüfat sahibləri də bu təbiət hadisəsindən olduqca məmnundurlar. Fermerlər yağan qarın məhsuldarlığa müsbət təsir edəcəyini deyirlər. “Qarın yağmasının əkinə, ağaclara çox xeyri var. Havalar son vaxtlar mülayim və isti keçdiyindən ağaclar da çiçəkləmək üzrə idi. Qarın yağması bu prosesin qarşısını aldı. Bu il meyvə bol olacaq”, - deyə Qazax rayon sakini Misir Abdullayev bildirib.
Qar bölgənin əsasən Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında müşahidə edilib. Ciddi fəsadlar olmasa da, bəzi yaşayış məntəqələrində qısa müddətdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Daha sonra problem aradan qaldırılıb. Sakinlər qarın Novruz bayramınadək yağmasının xeyirli olduğunu düşünürlər. Rayon sakini Vidadi Qasımov deyib: “Yağan qarın çox şeyə xeyri var. Xəstəlikləri azaldır, mikrobları öldürür, zərərvericiləri məhv edir. Torpaq su ilə təmin olur. Bu qarın dəmyə əkinlərinin suvarılmasında da böyük əhəmiyyəti var”.
Magistral yollarda nəqliyyatın hərəkətində çətinlik müşahidə edilmir. Yollar qardan təmizlənir. Yolkənarı yaşıllıqlarda da aidiyyəti qurumun əməkdaşları təmizlik işləri görürlər.
Hazırda bölgədə yağıntı dayansa da dəyişkən, soyuq hava şəraiti müşahidə edilir. Qarşıdakı günlərdə havanın şaxtalı olacağı və yağıntılı keçəcəyi istisna olunmur.