REGİONLAR
Qərb bölgəsinin ictimai-siyasi və sosial-mədəni həyatında fərqlənən qadınlar mükafatlandırılıb
Şəmkir, 8 mart, Famil Quliyev, AZƏRTAC
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan qadınının tarixin bütün dövrlərində yüksək mənəvi-əxlaqi xüsusiyyətləri öz xarakterində birləşdirdiyini qeyd edib.
Bildirilib ki, Azərbaycan qadını qəlbinin saflığı, bir elin, obanın, böyük bir məmləkətin qiymətli xəzinəsi kimi ad qazanıb. Müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlara yüksək qiymət verib. Hazırda bu siyasət uğurla davam etdirilir. Azərbaycan qadını artıq cəmiyyətimizdə öz layiqli yerini tutub. Bu gün qadınlar ölkəmizdə ən yüksək vəzifələrdə çalışırlar.
Diqqətə çatdırılıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl örnəkdir.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlara gül dəstələri və qiymətli hədiyyələr təqdim olunub. Bayram tədbiri konsert proqramı ilə yekunlaşıb.
X X X
Ağstafa şəhərindəki Yazıçılar Evində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev tədbirdə çıxış edərək, Azərbaycan qadınının öz saf adını hər zaman layiqincə qoruduğunu vurğulayıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət qadın siyasəti nəticəsində qadınlara istənilən sahədə uğurlu fəaliyyət göstərmələri üçün hərtərəfli şərait yaradılıb və ölkəmizdə gender bərabərliyinə nail olunub.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qadınlarımızın ictimai-mədəni həyatda rolunun artırılması və dövlət idarəçiliyində daha çox təmsil olunması istiqamətində səmərəli addımlar atılır.
Tədbirdə Ağstafa rayonunun sosial-iqtisadi və ictimai-mədəni inkişafında qadınların mühüm rol oynadığı diqqətə çatdırılıb. Qeyd olunub ki, dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının Qadınlar Şurasının sədri Şəhanə Osmanova “Tərəqqi” medalı ilə təltif edilib.
Çıxış edən qadınlar onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Rayonun sosial-iqtisadi və ictimai-mədəni inkişafında fərqlənən bir qrup qadına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin ifasında geniş konsert proqramı ilə davam etdirilib.
X X X
Qazax rayonunda da 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilib və rayonun fəal qadınları ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarla keçirilən görüşdə çıxış edən icra hakimiyyətinin başçısı Rəcəb Babaşov əlamətdar gün münasibətilə bütün qadınları təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. O, Azərbaycan xanımlarının həmişə sədaqət, təmkin, ailəsinin qayğısına qalan fədakar, nəcib qadın nümunəsi olduğunu söyləyib. Qeyd edib ki, dünyanın bir çox ölkələrindən əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, təhsil, mədəniyyət və digər sahələrdə qazandıqları uğurlar Azərbaycan qadınının mənəvi-mədəni və intellektual potensialından, qəhrəmanlıqla dolu tarixi keçmişindən xəbər verir.
Çıxışlarda bildirilib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Bu ənənələrə sadiq qalan Prezident İlham Əliyev tərəfindən dövlət qadın siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, cəmiyyətdə qadınların rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunan Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin direktoru Səfurə Rəhimovaya “Tərəqqi” medalı təqdim edilib.
Səfurə Rəhimova çıxış edərək ona təqdim edilən medalın əməyinə verilən ən yüksək qiymət olduğunu deyib. O, öz adından və ailəsi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına rayon icra hakimiyyətinin fəxri fərmanı, qiymətli hədiyyələr və gül dəstələri təqdim edilib.