Qərb politoloqu: İranda azərbaycanlılar tez-tez təhqirlərə məruz qalırlar
AzerTAg.az

Bakı, 16 mart, AZƏRTAC
İranın azərbaycanlı əhalisi rejim tərəfindən tez-tez təhqirlərə məruz qalır. Azərbaycan Respublikası ilə sıx əlaqələri olan İran azərbaycanlıları, həmçinin ana dilində təhsil hüququndan məhrumdurlar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər “Oxford Analitica” siyasi təhlil firmasının direktor müavini, politoloq Keri Boyd Andersonun Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan “Arabnews” nəşrində dərc olunmuş “İranda etirazlar etnik birliyə risklər yaradır” sərlövhəli məqaləsində yer alıb.
İranın əhalisinin böyük bir hissəsini təşkil edən azərbaycanlılarla yanaşı, bu ölkədə ərəb, kürd, bəlucların da ayrı-seçkiliyə məruz qaldıqlarını qeyd edən müəllif yazır ki, ötən ilin sentyabrında başlayan etirazlar ölkə daxilində etnik qruplar arasında ziddiyyətləri də son həddə çatdırıb. Əvvəllər zorakılıq yolu ilə qarşısı alınan narazılıqlar etiraz nümayişlərinin artması ilə rejim əleyhinə hərəkata çevrilib. Xüsusən Əfqanıstan və İraqla sərhəd bölgələrində nümayişçilərə qarşı güc tətbiq edilməsi beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilib. Digər tərəfdən, bəzi yerlərdə İran hakimiyyəti sünni müsəlmanlara qarşı daha amansız davranır. Bundan başqa, hökumət İranın mərkəzindən uzaqda, etnik azlıqların yaşadıqları regionlar infrastruktura, xidmətlərə və iqtisadi inkişafa daha az sərmayə qoyur. Etnik azlıqlar tez-tez əmək bazarında da ayrı-seçkiliklə üzləşir. Məsələn, Xuzistandakı ərəblər neft sənayesində işsiz qalmalarından şikayətlənirlər.
Məqalənin sonunda qeyd olunur: “İran rejimi həm fars millətçiliyini təbliği vasitəsilə, həm də son etirazlardan əvvəl olan azlıq qrupları arasında yaranmış mübahisələrdən sui-istifadə edərək müxalifəti parçalamaq üçün etnik fərqlərdən istifadə etməyə çalışır. Bununla belə, etiraz hərəkatı hökumətin əleyhdarları arasında birlik üçün böyük fürsət yaradır. Bəzi etirazçılar müxtəlif etnik qruplar arasında birliyi təbliğ edən şüarlar səsləndiriblər. Bütün etnik qrupların üzvləri hökumətin repressiyalarından əziyyət çəkərək, ortaq təcrübə əldə ediblər. İran polisinin qətlə yetirdiyi Məhsa Əmini kürd idi, lakin onun ölümü bütün etnik qrupların nümayəndələrini hiddətləndirdi və onlar bu qadını simvol kimi qəbul etdilər. Etiraz hərəkatının gələcəyi və rejimin sabitliyi qeyri-müəyyəndir. Bununla belə, vahid müxalifətin uğur şansı daha böyükdür. Gələcəkdə Tehranda yeni siyasi qüvvə hakimiyyətə gələrsə, o, ölkənin etnik azlıqlarına daha yaxşı rəftar və bərabərlik təklif etməyə hazır olmalıdır”.
Xəbərin mətnində orfoqrafik səhv var