REGİONLAR
Qərb rayonlarında ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinin buraxılış imtahanları uğurla başa çatıb
Tovuz, 18 mart, Famil Quliyev, AZƏRTAC
Martın 18-də Dövlət İmtahan Mərkəzinin Gəncə regional bölməsinin əhatə etdiyi Şəmkir, Tovuz və Qazax rayonlarının ilk peşə-ixtisas təhsili müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları uğurla başa çatıb.
Mərkəzin Gəncə regional bölməsinin müdiri Nəsimi Məmmədov AZƏRTAC -ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün Şəmkir, Tovuz və Qazax rayonlarının hər birində bir imtahan mərkəzi ayrılıb. İmtahanlarda Şəmkir rayonu üzrə 77, Tovuz rayonu üzrə 55 və Qazax rayonu üzrə 55 şagird iştirak edib.
Sınaqlar saat 11:00-da başlayıb və 2 saat 15 dəqiqə davam edib. İnşa yazan şagirdlərə test tapşırıqlarını cavablandırmaq üçün ayrılmış 2 saat 15 dəqiqəlik müddət qurtardıqdan sonra 30 dəqiqə əlavə vaxt verilib. Şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərinin hər birindən 30 sual olmaqla ümumilikdə 90 sualı cavablandırıblar.
İmtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qayda pozuntusu qeydə alınmayıb.