Qərb təsisatlarının məqsədi radikal siyasi qüvvələrin antidövlət fəaliyyətinə dəstək verməkdən ibarətdir – Ekspert rəyi
AzerTAg.az

Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından dərhal sonra ABŞ və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatları digər postsovet ölkələrində olduğu kimi, ölkəmizdə də fəaliyyətə başladılar. Qarşılıqlı faydalı və sağlam əməkdaşlığa, ölkədə vətəndaş cəmiyyəti quruculuğu prosesinin, çoxpartiyalı siyasi sistemin, müstəqil medianın inkişafına önəm verən Azərbaycan dövləti bu institutların, fondların və təşkilatların fəaliyyətinə mümkün qədər imkan yaratdı, sivil, etimadlı münasibətlər sisteminin formalaşmasında maraqlı olduğunu nümayiş etdirdi. Lakin zaman keçdikcə bəlli oldu ki, sözügedən təsisatların “vətəndaş cəmiyyəti institutlarının formalaşmasına, çoxpartiyalı siyasi sistemin və müstəqil medianın inkişafına dəstək” adı altında həyata keçirdikləri çoxsaylı layihələrin hədəfi heç də elan edilən istiqamətlərdə Azərbaycan dövlətinin maraqlarına və müstəqil inkişaf perspektivlərinə uyğun nəticələr əldə etmək deyil.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.
E.Mirzəbəylinin sözlərinə görə, məqsəd Azərbaycan dövlətinin müstəqil iradəsinə təsir göstərə biləcək təzyiq alətləri yaratmaq, ehtiyac duyulduğu zaman geosiyasi, iqtisadi və digər maraqların təmin edilməsi üçün bu alətlərdən dövlətimizə və xalqımıza qarşı istifadə etmək, təslimçilik ruhu aşılamaq, özünəməxsus şəbəkə formalaşdırmaq idi. Həmçinin bu təsisatların fəaliyyəti radikal siyasi qüvvələrin antidövlət fəaliyyətinə dəstək vermək, milli dəyərlərinə arxa çevirən, hədəfi olmayan, kənardan ötürülən siyasi texnologiyalarla idarə olunan cəmiyyət və marionet dövlət idarəçilik sistemi formalaşdırmağa yönəlmişdi.
Azərbaycan dövləti gücləndiyi, dövlət idarəçilik institutlarının fəaliyyətinin təkmilləşdiyi, milli dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalan qüvvələrin mövqelərinin möhkəmləndiyi halda və siyasi proseslərin alt qatlarında cərəyan edən hadisələr aşkara çıxdıqca, NED, Fridrix Nauman, Marşall, İREX və bu kimi digər qurumların əsas hədəfinin Azərbaycanda “beşinci kolon” formalaşdırmaqdan ibarət olduğu göz önünə sərgiləndi. Bəlli oldu ki, ölkəmizdə həyata keçirilən layihələrə ayrılan vəsaitlər siyasi qüvvələrin, media resurslarının, qeyri-hökumət təşkilatlarının ələ alınmasına xidmət edib.
“2000-ci illərin əvvəllərindən etibarən bir sıra postsovet ölkələrində, daha sonra isə Yaxın Şərq və Aralıq dənizi hövzəsində həyata keçirilən “rəngli inqilab” ssenariləri ABŞ və Avropanın bəzi dövlətləri tərəfindən geosiyasi təsir alətləri, “yumşaq güc” mexanizmi kimi yaradılmış bu təsisatların Azərbaycandakı strateji hədəflərinin də mahiyyətini gün işığına çıxardı. Şübhəsiz ki, eyni ssenarilərin Azərbaycanda da həyata keçirilməsinə səy göstərildi, lakin təxminən 10 ilə yaxın zaman kəsiyində planı cızılan və addım-adım həyata keçirilən bütün təxribatlar dövlətimizin gücü, çevik müdaxiləsi və xalqın iradəsi nəticəsində iflasa uğradı.
Radikal müxalifətin zaman-zaman təsis etdiyi SİDSUH, “Demblok”, DUH, İctimai Palata, Milli Şura və bu kimi digər qurumlar məhz Qərbin dəstəyi sayəsində yaradılır, maliyyələşdirilir və ayrı-ayrı “beynəlxalq” təsisatlar tərəfindən açıq şəkildə dəstəklənirdilər. Lakin xarici qüvvələrin bu yolla müxalifətin hakimiyyətə qarşı birliyini təmin etmək, ondan güclü alternativ formalaşdırmaq cəhdləri baş tutmadı, xalq süni şəkildə stimullaşdırılan bu prosesi və onun pozucu iştirakçılarını qəbul etmədi və nəticədə bir sıra postsovet ölkələrinin bugünkü problemlərinin kökündən dayanan kataklizm ssenarilərini Azərbaycanda reallaşdırmaq mümkün olmadı”, - deyə E.Mirzəbəyli qeyd edib.
Siyasi ekspert bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılan USAİD və bu kimi digər “institutlar”ın təcrübəsində hətta “təcili qrantların ayrılması” da var. Əksər hallarda bu və ya digər ölkəyə qarşı total kampaniyaların aparılması üçün bəhanələrin yaradılmasına xidmət edir. Mexanizm belədir: Öncə “təcili qrantlar” vasitəsilə hansısa ölkədə “fundamental hüquq və azadlıqların pozulduğunu” nümayiş etdirilən bəhanə və bu bəhanənin ətrafında “beşinci kolon”un təmsilçiləri, eləcə də onların qopardığı hay-küyün təsiri altına düşənlər vasitəsilə ajiotaj yaradılır. Sonra dövlət və hakimiyyət orqanlarının səhnələşdirilmiş bəhanənin “günahkarlar”ını məsuliyyətə cəlb etmək marağında olmadığı barədə iddialar körüklənməyə başlayır. Bundan sonrakı prosesdə isə USAİD, NED və digər “institutlar” tərəfindən maliyyələşdirilən “beynəlxalq insan hüquq və azadlıqlarını müdafiə təşkilatları” işə salınır. Bu “təşkilatlar” da öz növbəsində “hesabatlar” hazırlayaraq sifarişçinin nişan verdiyi ünvana, məsələn, ABŞ Dövlət Departamentinə, ABŞ Konqresinə, Avropa Parlamentinə və bu kimi digər təsisatlara “təqdim” edirlər. Sonra da açıqlamalar, bəyanatlar, qətnamələr mərhələsi başlayır...
E.Mirzəbəylinin sözlərinə görə, təxminən 15-20 il əvvəl həmin təsisatların mərkəzi ofislərinin yerləşdirildiyi ölkələrin bir çoxunda siyasi partiyaların hüquqi şəxslər tərəfindən maliyyələşməsinin birbaşa və dolayısı ilə yasaqlanmasına, bəzilərində isə hətta vətəndaşların ianələrinə qadağaların olmasına baxmayaraq, Azərbaycandakı siyasi partiyaların qeyri-hökumət təşkilatları və media resurslarına ötürülən vəsaitlərlə maliyyələşməsi adi hala çevrilmişdi. Siyasi partiyaların funksionerləri, QHT və media nümayəndələri üçün ölkəmizdə və ölkədən xaricdə müxtəlif adlar altında “məşğələ” və “seminarlar”, reallıqda isə “satınalma” və “ələkeçirmə” mərasimləri təşkil edilir, iştirakçıların beyinləri yuyulur və yenidən “proqramlaşdırılırdı”. Həmin dövrdə torpaqlarımızın işğal altında olmasına baxmayaraq, Azərbaycanın bəzi radikal siyasi partiyalarının, qeyri-hökumət təşkilatlarının, mətbuat orqanlarının rəhbərləri və təmsilçiləri ermənilərlə əməkdaşlığa cəlb olunur, ortaq layihələrdə iştirak edir və hətta milli maraqlarımıza zidd olan birgə bəyanatlara imza atırdılar. 44 günlük Vətən müharibəsi dövründə, sentyabr hadisələri, Fərrux əməliyyatları zamanı biz eyni şəbəkənin ortaq fəaliyyətinə şahidlik etmişdik və təəssüf ki, hələ də etməkdəyik.
ABŞ-ın “maliyyə yardımı” adı altında hələ də qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmaq səylərinin bu gün də davam etdiyini bildirən siyasi ekspert deyib: “Əvvəlcə Qərbin, sonra Rusiyanın, daha sonra isə İranın şəbəkələri darmadağın edildikdən sonra boş qalan yerin yenidən Qərb təsisatları tərəfindən doldurulmasına cəhdlər göstərilir. Bu fəaliyyətə indi USAİD və onun qatı ermənipərəst rəhbəri Samanta Pover başçılıq edir. Həmin Samanta Pover ki, erməni yalanlarına “sədaqətini” sübuta yetirmək üçün sentyabrın 21-də dünyaya göz açmasına baxmayaraq, 24 apreli – qondarma soyqırımı “gününü” özünün doğuluş günü elan edib. Düşünürəm ki, belə bir şəxsin USAİD-ə rəhbərlik etməsi, regiondakı mövcud reallıqlar çərçivəsində bu təsisatın real hədəflərinin, əslində, nədən ibarət olduğunu ortaya qoyur.
Təsadüfi deyil ki, bu təşkilat 2023-2025-ci illərdə müxtəlif ölkələrdə dırnaqarası vətəndaş cəmiyyəti quruculuğuna 9,5 milyard dollar vəsait ayırıb. Bu yaxınlarda açıqlanmış “Demokratiya doktrinası” çərçivəsində bu vəsaitin müxtəlif ölkələrdə çevriliş planlarının reallaşdırılmasına yönəldiləcəyi şübhə doğurmur”.
Elçin Mirzəbəyli sonda qeyd edib ki, Azərbaycanda 1991-ci ildən fəaliyyətə başlayan USAİD-in müstəqilliyimizin ilk illərində ölkəmizdəki mövcudluğunu haradasa izah etmək mümkün idi. Hazırda rəsmi missiyası zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək göstərmək olan bu təşkilatın artıq Azərbaycanda fəaliyyətinə heç bir ehtiyac yoxdur. Azərbaycan özü iri layihələrə donorluq etmək iqtidarındadır və ölkəmizin dünyanın müxtəlif ölkələrinə həm pandemiyaya qarşı mübarizə, həm də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə etdiyi yardımlar dövlətimizin və cəmiyyətimizin USAİD kimi təsisatların dəstəyinə ehtiyac duymadığını təsdiqləyir.
Xəbərin mətnində orfoqrafik səhv var