Qərbi Azərbaycanda ermənilər 400-ə qədər oykonim, 2 min oronim və 500-ə qədər hidronim dəyişdiriblər
AzerTAg.az

Bakı, 7 fevral, AZƏRTAC
İndi adına Ermənistan deyilən Qərbi Azərbaycan bütünlüklə tarixi Azərbaycan ərazisidir. Tarix boyu burada xalqımızın övladları yaşayıblar. 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra kütləvi şəkildə bu yerlərə köçürülən ermənilər XIX əsrin axırlarından başlayaraq Azərbaycan torpaqlarının yaddaşı olan qədim coğrafi adları dəyişdirməyə başlamışdır. Həmin proses sovetlər dönəmində də geniş şəkil almışdı. Amma bütün bu barbarlığa, şovinizmə baxmayaraq, hətta 1991-ci il aprelin 19-na qədər Qərbi Azərbaycan toponimlərinin 88 faizini türk mənşəli coğrafi adlar təşkil edib.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi işçisi Nazim Tapdıqoğlu deyib.
Tarixçi-tədqiqatçı daha sonra bildirib: “Ermənilər ölkəmizi müstəqilliyə qovuşandan sonra da bəd əməllərindən əl çəkməyərək Qərbi Azərbaycan ərazisindəki yüzlərlə oykonim, oronim və hidronimin adlarını dəyişməklə məşğul olublar. Ümumilikdə təxminən 5 faizi Azərbaycan, rus və hibrid oykonimləri istisna olmaqla qalan bütün yaşayış məntəqələrinin adları ucdantutma erməniləşdirilib. Ermənilər öz mənfur xislətlərinə uyğun olaraq ötən müddət ərzində bütövlükdə 400-ə qədər oykonim, 2 min oronim və 500-ə qədər hidronimi dəyişdirərək “özününküləşdiriblər”. Onların sırasında Allahverdi rayonu Tumanyan, Barana rayonu Noyembryan, Basarkeçər rayonu Vardenis, Axta rayonu Hrazdan, Paşalı rayonu Vayk, Qarakilsə rayonu Sisyan, Karvansara rayonu İcevan, Sərdarabad rayonu Hoktembryan, Hamamlı rayonu Spitak adlandırılıb. Kəndlərdən Zərkənd Kut, Gümüş Karenis, Aşağı Körpülü Axtanaq, Çalakənd Mikçnazor, Əskipara Voskipar, Çimənkənd Urdadzor, Yengicə Sisavan, Sarıyal Aravan, Dəmirçi Darpvnik, Zəngilər Zorak və s. kimi qədim yaşayış məntəqələri və adlar da var. Lakin tarixi ədalət gec-tez öz yerini alacaq, ermənilərin uydurduğu bu qondarma yer adları ləğv edilərək öz əvvəlki və tarixi adına qovuşacaq”.
Xəbərin mətnində orfoqrafik səhv var