Qərbi Azərbaycandan olan Saday dayının yurd həsrəti VİDEO
AzerTAg.az
Gəncə, 6 yanvar, Elcan Məmmədov, AZƏRTAC
1988-ci ilin qış ayları idi. Mənfur ermənilər kəndlərə soxulur, evləri qarət edir, azərbaycanlıları öldürürdülər. Qışın sərt keçməsinə və havaların şaxtalı olmasına baxmayaraq, yollar hələ də buz bağlamamışdı. Sanki canımızı qurtarmaq üçün Allah bizə yol açırdı. Beləcə qışın şaxtasında həmin yollarla yurd yerimizdən çıxdıq. Allah o günləri bir də göstərməsin...
Qərbi Azərbaycandan olan Saday Məmmədov o dəhşətli günləri belə xatırlayır.
AZƏRTAC-ın bölgə müxbiri Saday dayı ilə görüşüb, xatirələrini dinləyib.
Məmmədov Saday Qasım oğlu 1956-cı il mayın 5-də Göyçə mahalının Basarkeçər rayonunun Qaraqoyunlu kəndində anadan olub. Orta təhsilini elə Qaraqoyunlu kəndində başa vuran Saday Məmmədov ali təhsilini o zamankı Gəncə Dövlət Pedaqoji İnstitutunda alıb. Göyçə mahalında müəllimlik fəaliyyəti ilə məşğul olan S.Məmmədov 1979-cu ildə ailə həyatı qurub. Beş övladı dünyaya gəlib.
“1988-ci ilin noyabr ayında atam vəfat etdi. Biz onu Göyçədə kəndimizdə dəfn etdik. Amma heç qırx mərasimi olmamış ermənilər bizi yurdumuzdan qovdu. Nə atamın baş daşını qoya bildim, nə də məzarını ziyarət edə bildim”, – deyir Saday dayı.
Onun sözlərinə görə, o vaxt Göyçənin kəndlərində hər evdə təsərrüfat, mal-qara vardı, hər kəs əkin-biçinlə məşğul idi: “Hadisələr artıq pik həddə çatmışdı. Kəndimizdə Mıkırtıç adlı erməni yaşayırdı. Deyirdi ki, onsuz da gedirsiniz, mal-mülkünüz it-bat olmasın. Gəlib mal-qaranı, toyuq-cücəni dəyərindən qat-qat ucuz qiymətə azərbaycanlılardan alırdı. Guya bizə yaxşılıq edirdi. Ona görə həmişə deyirəm ki, ilanın ağına da lənət, qarasına da”.
Beş övladı ilə birgə Göyçədən Gəncəyə gələn Saday Məmmədov burada müəllim işləyir. Uzun illərdir torpaq həsrəti ilə yaşayır. 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə səsləndirdiyi fikirlər onun doğma yurda qayıdacağına ümidini daha da artırıb.
Dövlətimizin başçısının “Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar” fikrini yada salan Saday dayı həmin görüşdən sonra qəlbində təskinlik tapdığını və bir gün doğma yurduna qayıdacağına, atasının qəbrini ziyarət edəcəyinə inandığını deyir: “İnanıram ki, 44 günə torpaqlarımızı düşmən işğalından azad edən Ali Baş Komandanımız bir gün bizləri də dədə-baba yurdumuza qaytaracaq”.




Xəbərin mətnində orfoqrafik səhv var