DÜNYA
Qərbi Balkan ölkələri Aİ-nin karbon emissiyasının azaldılması üzrə hədəfləri ilə razılaşıblar
Belqrad, 2 dekabr, AZƏRTAC
Qərbi Balkan ölkələri Avropa İttifaqının (Aİ) 2030-cu ilədək həyata keçiriləcək “yaşıl gündəliyi” çərçivəsində karbon emissiyasının azaldılması üzrə hədəfləri ilə razılaşıblar.
AZƏRTAC xəbər verir ki, Serbiyanın sədrliyi ilə Belqradda keçirilən iclasda Avropa Enerji Cəmiyyətinin Nazirlər Komitəsi karbon emissiyalarının, yəni zərərli istixana qazı emissiyalarının azaldılması ilə bağlı hədəflər, siyasətləri və gözləntiləri ictimaiyyətə açıqlamağı öhdəsinə götürüb. Beləliklə, Qərbi Balkan ölkələri Aİ-nin iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə və hədəflərinə, o cümlədən ənənəvi enerji resurslarından imtina və bərpaolunan enerji mənbələrinə daha çox sərmayə qoyulması hədəflərinə rəsmi olaraq qoşulub.
Aİ-nin “Yaşıl gündəliyi” vasitəsilə təmiz enerjiyə keçidə yardım etmək üçün maliyyə vəsaiti ayırdığı və investisiya çərçivəsində Qərbi Balkan ölkələrinə qrantlarla 9 milyard avroyadək vəsaitin veriləcəyi bildirilib.
Avropa Enerji Cəmiyyəti Qərbi Balkan ölkələrində karbon emissiyalarının azaldılması zərurətindən bəhs edən və keçən il qəbul olunan Sofiya Bəyannaməsinə hörmətlə yanaşılmasını gözlədiklərini vurğulayıb.
Avropa Komissiyasının enerji üzrə baş direktorunun müavini Metild Vursdorfer deyib ki, Qərbi Balkan ölkələri karbon emissiyasının azaldılması və “yaşıl enerjiyə” keçid prosesinin bir hissəsi olmalıdır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad