DÜNYA
Qərbi Balkan ölkələri elektron ticarətdə Avropadan geridə qalır
Podqoritsa, 2 dekabr, AZƏRTAC
Monteneqro və Albaniya elektron ticarət baxımından Avropa ölkələrindən xeyli geridə qalır.
AZƏRTAC xəbər verir ki, Avropa Statistika Agentliyinin (“Eurostat”) məlumatına görə, Qərbi Balkan ölkələrində elektron ticarətə maraq artsa da, regiondakı göstərici hələ də Avropa İttifaqı ölkələrindən aşağı səviyyədədir.
Son bir ildə Monteneqroda onlayn alış-veriş edənlərin nisbəti 23 faiz təşkil edib. Bu göstərici Bosniya və Herseqovinada 28 faiz, Serbiyada 38 faiz və Şimali Makedoniyada 34 faizdir. Region və bəzi Avropa ölkələrini qabaqlayan Kosovoda isə bu nisbət 46 faiz təşkil edir. Albaniyada onlayn alış-veriş edənlərin nisbəti cəmi 7 faiz səviyyəsindədir.
Avropa İttifaqına üzv ölkələr sırasında elektron ticarətdə aşağı göstəriciyə malik ölkələr isə Aİ-nin ən yoxsul ölkələri sayılan Bolqarıstan (31 faiz) və Rumıniyadır (34 faiz).
Elektron ticarətin ən çox yayıldığı ölkələr insanların 90 fazinin onlayn alış-veriş etdiyi Böyük Britaniya və Şimali Avropa ölkələridir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa