DÜNYA
Qərbi Balkan ölkələrinin liderləri Rəcəb Tayyib Ərdoğanı təbrik ediblər

Belqrad, 29 may, AZƏRTAC
Qərbi Balkan ölkələrinin liderləri Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn Rəcəb Tayyib Ərdoğana təbrik məktubları ünvanlayıblar.
AZƏRTAC xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç təbrik mesajında Rəcəb Tayyib Ərdoğanın prezident vəzifəsini uğurla yerinə yetirməsini arzulayıb. A.Vuçiç əldə edilən qələbənin böyük məsuliyyət daşıdığını deyib, Serbiya xalqı və öz adından təbriklərini çatdırıb.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç məktubunda Rəcəb Tayyib Ərdoğanın qələbəsinin Türkiyəni gücləndirmək üçün izlədiyi uğurlu siyasətin, keçdiyi inkişaf və tərəqqi yolunun nəticəsi olduğunu bildirib.
Rəyasət Heyətinin üzvü Jelko Komşiç isə Rəcəb Tayyib Ərdoğanın qələbəsinin iki dost ölkə arasında əlaqələrin gələcəkdə də davam edəcəyi mənasına gəldiyini vurğulayıb.
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik milyonlarla seçicinin Rəcəb Tayyib Ərdoğanın lehinə səs, ümid və güvən verdiyini bildirib, bunu tarixi qələbə adlandırıb.
Bosniya və Herseqovinanın Demokratik Hərəkət Partiyasının sədri Bakir İzzetbeqoviç Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib, bunun təkcə Türkiyə xalqını deyil, Bosniya və Herseqovina xalqını da sevindirdiyini qeyd edib.
Monteneqronun sabiq prezidenti Milo Cukanoviç də yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanı təbrik edib, Türkiyənin sabitliyinin Balkan regionu və bütövlükdə Avropa üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad