ELM VƏ TƏHSİL


Qərbi Kaspi Universiteti 250-dən çox orta məktəbdə təlimlər təşkil edib

Bakı, 20 iyun, AZƏRTAC

Qərbi Kaspi Universitetinin professor və müəllimləri 2017/2018-ci tədris ili ərzində Bakı və regionlardakı 250-dən çox orta məktəbdə şagirdlərlə görüşlər keçiriblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşlərdə ümumilikdə 15 minə yaxın məktəbli üçün imtahan öncəsi stressin aradan qaldırılması və doğru ixtisas seçimi mövzularında, eyni zamanda, əmək bazarında böyük tələbatın formalaşdığı mühəndislik ixtisaslarının təbliği məqsədilə robototexnika təlimləri təşkil olunub.

Görüşlərdə Qərbi Kaspi Universiteti barədə məktəblilərə məlumatlar verilib. Bildirilib ki, son illərdə universitet tədrisin keyfiyyətinin artırılması məqsədilə bir sıra tədbirlər keçirib, xarici ölkələrin aparıcı ali təhsil ocaqları ilə əməkdaşlığı genişləndirib, eləcə də maddi-texniki bazanın, infrastrukturun yaxşılaşdırılması yönümündə əhəmiyyətli addımlar atıb.

Diqqətə çatdırılıb ki, hazırda universitet “Erasmus+” və “Mövlanə” proqramları çərçivəsində dünyanın nüfuzlu universitetləri ilə müəllim və tələbə mübadiləsi həyata keçirir. MBA proqramı üzrə təhsil alan tələbələrin üç diplom almaq imkanı var. Belə ki, Qərbi Kaspi Universiteti, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) və ABŞ-ın Potomak Universitetinin birgə həyata keçirdiyi layihə əsasında tələbələr bu ildən etibarən üç istiqamətdən (menecment, marketinq, bank işi və maliyyə) birini seçib, əlavə dörd fənn keçməklə üçüncü diplomu da əldə edə bilirlər. Şagirdlərin diqqətinə çatdırılıb ki, tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər və infrastruktur layihələr həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır.

Universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir. Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. İdeyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini müntəzəm olaraq müxtəlif layihələrə, təcrübi çalışmalara cəlb edir və onların mühəndislik sahələrinə maraqlarını artırmaq, eləcə də bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün səy göstərir. Texnoparkda universitetin tələbələri və orta məktəb şagirdlərinin birgə işlədiyi layihələrdən biri (Vooby – ingilis dilini online öyrənmə platforması) Türkiyədə keçirilən beynəlxalq müsabiqədə 800-dək layihə arasından finala vəsiqə qazanaraq mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.