ELM VƏ TƏHSİL
Qərbi Kaspi Universitetindən üçlü diplom layihəsi
Bakı,14 fevral, AZƏRTAC
Qərbi Kaspi Universiteti ikili diplom proqramını daha bir tərəfdaşlıq layihəsi ilə üçlü diplom proqramına çevirib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə birgə həyata keçirilən MBA proqramı ABŞ-ın Potomak Universiteti ilə əməkdaşlıqla bir qədər də genişləndirilərək üçlü diplom proqramına çevrilib. Universitetin ikili diplom proqramında təhsil alan tələbələri üç istiqamətdən (menecment, marketinq, bank işi və maliyyə) birini seçib əlavə dörd fənn keçməklə üçüncü diplomu da əldə edəcəklər.
Potomak Universiteti 1989-cu ildə Vaşinqton şəhərində yaradılıb. Universitet “Middle States” Ali Təhsil Komitəsi tərəfindən akreditasiyadan keçib.
Qeyd edək ki, beynəlxalq əməkdaşlıq, iki və çoxtərəfli layihələr baxımından uzunmüddətli təcrübəyə malik olan Qərbi Kaspi Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Universitetin xaricdə təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak imkanı yaradır. Hazırda “Erasmus+” və “Mövlanə” mübadilə layihələri çərçivəsində bu ali təhsil ocağının tələbələri dünyanın aparıcı universitetlərində təhsil ala bilirlər.