ELM VƏ TƏHSİL
Qərbi Makedoniya Universitetinin nümayəndələri ADNSU-nun tədris şəraiti ilə tanış olublar
Bakı, 25 yanvar, AZƏRTAC
Yunanıstanın Qərbi Makedoniya Universitetinin professoru Sarigiannidis Panagiotisin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görüşlərə başlayıb.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, ADNSU ilə Qərbi Makedoniya Universiteti “Horizon 2020” proqramı çərçivəsində “ELECTRON: rEsilient and seLf-healed EleCTRical pOwer Nanogrid” layihəsi üzrə tərəfdaşdır və Azərbaycana səfərdə məqsəd layihənin maksimal dərəcədə səmərəli həyata keçirilməsi yollarını müzakirə etməkdir.
ADNSU-nun rektoru professor Mustafa Babanlı qonaqlara universitetin beynəlxalq əlaqələri, tədrisin keyfiyyətinin yüksəldilməsində tətbiq olunan müasir proqramlar və layihələr haqqında məlumat verib. Rektor hazırda icrasına start verilən və Avropa İttifaqının “Horizon 2020” proqramının layihələrindən biri olan “ELECTRON” layihəsinin ADNSU üçün də uğurlu olacağına əminliyini bildirib. “ELECTRON” layihəsinə rəhbərlik edən Qərbi Makedoniya Universitetinin professoru Sarigiannidis Panagiotis Azərbaycanda, o cümlədən ADNSU-da olmaqdan məmnun qaldığını, əməkdaşlığın yüksək nəticələr verəcəyinə ümidvar olduğunu deyib.
Qərbi Makedoniya Universitetinin nümayəndələri, həmçinin ADNSU-nun professor-müəllim heyəti və tələbələri ilə görüşüblər. Görüşdə ADNSU-nun dəvətli professoru, HPC üzrə mütəxəssis Ehsan Musəvi mərkəzin fəaliyyətindən bəhs edib, qonaqları maraqlandıran sualları cavablandırıb.
ADNSU rektorunun İnformasiya texnologiyaları və innovasiyalar üzrə müşaviri Rasim Abdullayev universitetin fəaliyyəti barədə məlumat verib.
Qərbi Makedoniya Universitetinin nümayəndələri müəllim və tələbələrin suallarını cavablandırıblar.
Qonaqlar universitetin tədris şəraiti ilə tanış olublar.