QAN YADDAŞI


Qərbi Qazaxıstan vilayətində təşkil olunmuş “Uşaqlar müharibəyə qarşı” rəsm müsabiqəsi yekunlaşıb VİDEO

Uralsk, 24 fevral, АZƏRTAC

Azərbaycanın Aktaudakı baş konsulluğu Qazaxıstan Xalqları Milli Assambleyasının Qərbi Qazaxıstan vilayəti təşkilatı ilə birgə Uralsk şəhərindəki Dostluq sarayında tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində baş konsulluq tərəfindən Qərbi Qazaxıstan vilayətində təşkil olunmuş “Uşaqlar müharibəyə qarşı” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr olunub.

Tədbirdə Qərbi Qazaxıstan vilayətində yaşayan çoxsaylı soydaşlarımızla yanaşı, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, Uralsk şəhərinin incəsənət və rəssamlıq məktəblərinin müəllim və tələbələri, vilayətdə fəaliyyət göstərən digər diasporların rəhbərləri və üzvləri, KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə uşaq və yeniyetmə rəssamlar arasında “Uşaqlar müharibəyə qarşı” mövzusunda keçirilmiş müsabiqədə iştirak edənlərin rəsmlərindən ibarət sərgiyə baxış olub.

Qazaxıstan Xalqları Milli Assambleyasının Qərbi Qazaxıstan vilayəti təşkilatının sədr müavini Kapakov Qaysa baş konsulluq tərəfindən keçirilən müsabiqəni yüksək qiymətləndirib, tədbirin müharibəyə, terror aktlarına, günahsız insanların həlak olmasına qarşı uşaq və yeniyetmələrdə dünya görüşlərin formalaşmasında əhəmiyyətindən danışıb.

Azərbaycanın Aktaudakı baş konsulluğunun rəhbəri Elxan Zeynalov Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərdən danışıb. O, ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı haqqında məlumat verərək, müsabiqədə fəal iştirak etmiş rəssamlıq məktəblərinə, yeniyetmə və gənc rəssamlara minnətdarlığını bildirib.

Tədbirdə, həmçinin Qərbi Qazaxıstan vilayətində yaşayan azərbaycanlıların “Birlik” Milli Mədəni Cəmiyyətinin sədri Nəcəf Məmmədov, “Edil Jayık” Qazax Milli Mədəni Cəmiyyətinin sədri Zeynulin Amanjol və digərləri çıxış edərək rəsm müsabiqəsinin keçirilməsinin gənc nəslin daha ədalətli ruhda böyüməsinə töhfə verəcəyini bildiriblər.

Çıxışlardan sonra D.Nurpeisova adına Uralsk şəhər Uşaq İncəsənət Məktəbinin şagirdləri şeirlər oxuyub, musiqi kompozisiyaları səsləndiriblər.

Daha sonra qaliblər mükafatlandırılıb.

Sonda tədbir iştirakçıları Dostluq sarayının qarşısında Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Biz ədalət tələb edirik” şüarları səsləndiriblər.

Qeyd edək ki, rəsm müsabiqəsində Qərbi Qazaxıstan vilayətində fəaliyyət göstərən on iki rəsm və incəsənət məktəbindən 130-dan artıq şagird iştirak edib. Müsabiqənin münsiflər heyəti tərəfindən rəsmlər qiymətləndirilib və müsabiqənin yekununa görə 7-10, 11-14 və 15-17 yaşlılar arasında I, II və III yerlərə və müsabiqənin qran-pri mükafatlarına layiq görülənlər müəyyənləşdirilib. Bundan əlavə, baş konsulluq 25 yeniyetmə rəssama fəxri fərmanlar verib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Uralsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.