CƏMİYYƏT
Qərbi Qazaxıstandan olan magistrlər Tibb Universitetində təcrübə keçəcəklər
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Tibb Universiteti dünyanın bir çox ölkələrinin aparıcı ali məktəbləri ilə əməkdaşlığı çərçivəsində tələbə və rezident mübadiləsi aparır, universitetlərin mütəxəssislərinin mühazirələri təşkil olunur.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində daha bir addım atılıb.
Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universitetində təhsil alan 10 magistrın martda ATU-da elmi işlərin aparılması ilə əlaqədar təcrübə mübadiləsi keçmələrinə dair razılıq əldə olunub.
Qərbi Qazaxıstan universitetinin ikinci kurs tələbələri bu ay infeksion xəstəliklərin yayılmasının epidemioloji analizi, tibdə elmi-tədqiqat işlərinin aparılması:prinsiplər, metodologiya və praktikası mövzularında təcrübə keçəcəklər.
Bununla əlaqədar qazaxıstanlı magistrlər Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov və beynəlxalq əlaqələr üzrə prorektor dosent Nadir Zeynalovun qəbulunda olublar.
Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru, dosent R. Bəylərov magistrlərə yüz yaşını qeyd etməyə hazırlaşan universitetin tarixindən, onun ölkəmizin ən qədim ali təhsil olacağı olması ilə yanaşı, həm də ən nüfuzlu təhsil müəssisələrindən biri olduğunu söyləyib.
Beynəlxalq əlaqələr üzrə prorektor Nadir Zeynalov universitet daxilində fəaliyyət göstərən klinikalar haqqında əcnəbi magistrlərə məlumat verərək bildirib ki, universitetin dörd müasir klinikası fəaliyyət göstərir və onların hər biri zəngin maddi-texniki baza, müasir cihaz və avadanlıqla təchiz edilib. Həmin klinikalarda tələbə və rezidentlər nəzəri və praktik bilgilərə yiyələndikləri haqqında onlara məlumat verilib.
Görüşdə qazaxıstanlı magistrlərin 11 günlük staj proqramı haqqında fikir mübadiləsi aparılıb.