ELM VƏ TƏHSİL


Qərbi azərbaycanlıların dayağı güclü və qüdrətli Azərbaycandır

Qərbi azərbaycanlıların dayağı güclü və qüdrətli Azərbaycandır

Bakı, 18 yanvar, AZƏRTAC

Çox təəssüf ki, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiyası kütləvi şəkildə 4 dəfə - 1905-1906-cı, 1918-1921-ci, 1947-1953-cü, 1988-1991-ci illərdə bütün beynəlxalq və ictimai normalara sığmayan bir özbaşınalıqla həyata keçirilib. Bütün bu özbaşınalıqların arxasında Cənubi Qafqazda işğalçılıq siyasətini aramsız olaraq davam etdirən çar və sovet Rusiyasının imperiya ambisiyaları dayanıb. Dünyanın müxtəlif yerlərindən Qərbi Azərbaycana, o cümlədən də İrəvan xanlığına - indiki Ermənistana köçürülən “məzlum” ermənilər sonralar hər iki imperiyanın türk-müsəlman xalqlarına qarşı dağıdıcı missiyasının önündə gedib, “erməniçilik” adlı vandalizmin ideoloji mahiyyətini təşkil edib. Yalnız Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində erməni təhdidləri cilovlanıb, “Dağlıq Qarabağ münaqişəsi” adlı dağıdıcı prosesin qarşısı alınıb.

Bunu AZƏRTAC-a pedaqoji elmlər doktoru, professor Həsən Bayramov bildirib. O qeyd edib ki, 44 günlük Zəfərlə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” doktrinası həyati reallığı təmin edib, Ermənistanın sülh sazişini imzalamaqdan başqa çarəsi qalmayıb. Artıq Qarabağa Qayıdış hərəkatına başlanılıb. Bununla da, növbəti problemin həlli üçün tarixi imkan əldə edilib.

Onun sözlərinə görə, əvvəllər arxasında Moskvanın dayandığı Ermənistana qarşı marionet Azərbaycan hökuməti dayanırdı. Qaçqınlar sahibsiz bir şəkildə, eyni 1918-1920-ci illərdəki kimi pərakəndə halda Azərbaycana üz tuturdu və onları xalqımız qarşılayır, yerbəyer edirdi. İndi isə geriyə - Qərbi Azərbaycana qayıdışın arxasında beynəlxalq hüquqa əsaslanan qüdrətli sosial-iqtisadi inkişafa və nüfuza malik Azərbaycan Respublikası dayanır. İndiki Azərbaycanın beynəlxalq nüfuzundan istifadə edərək azərbaycanlıların doğma yurdlarına qayıdışı həm də Ermənistan-Türkiyə-Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələyə təkan olacaq. Beləliklə, Prezidentin Qərbi Azərbaycan İcmasının qarşısında qoyduğu vəzifələr Qafqazda uzun müddətə hesablanıb və strateji əhəmiyyətli çağırışdır.

Professor qeyd edib ki, indi İran-Fransa-Ermənistan qütbünün başlıca niyyəti Qarabağın simasında Avrasiya məkanındakı inteqrasiyanı pozmaq, Türkiyənin Rusiya və Orta Asiya respublikaları ilə inteqrasiyasına mane olmaqdır. Ermənilər Fransa-İran cütlüyünə sığınaraq bölgədə destablizasiya faktoru olmaqda davam edəcəkdir. Yalnız Azərbaycanın Amerika–Avropa İttifaqı və İsraillə münasibətlərində etibarlı tərəfdaş imicini getdikcə möhkəmləndirməsi Ermənistanı Azərbaycanla dinc yanaşı yaşamaq zərurəti ilə hesablaşmağa vadar edəcəkdir. İndiki vəziyyətdə Rusiyanın da bu əlaqələrdə öz marağı var. Təki Ermənistan Avropaya yönəlməsin.

“Son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəmində əsas yerlərdən birini tutub. Bu, o deməkdir ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu beynəlxalq forumların gündəliyində olub və Azərbaycanın neft-qaz sənayesi layihələrini reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb. Bu mənada ölkəmizin nüfuzu gələcəkdə Ermənistanda dağıdıcı yox, birləşdirici bir azərbaycanlı toplumunun mövcudluğu zərurəti ilə tamamlanacaq”, - deyə H.Bayramov fikrini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.