İQTİSADİYYAT
Qəri Counz: Azərbaycan qlobal enerji bazarında əhəmiyyətli rol oynayır


Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan qlobal enerji bazarında əhəmiyyətli rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin strateji xətti ilə neft və qaz ölkənin inkişafına böyük dəstək verib.
AZƏRTAC xəbər verir ki, bu sözləri BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.
Naxçıvanda keçirilən “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda keçirilən xüsusi sessiyada çıxış edən Qəri Counz qeyd edib ki, Azərbaycan müasir dünya ilə ayaqlaşaraq yaşıl enerji istehsalına maraq göstərir və bu istiqamətdə mühüm addımlar atılıb.
“Azərbaycan təmiz enerji istehsal etməkdə maraqlıdır və biz şirkət olaraq Prezident İlham Əliyevin bu təşəbbüsünü dəstəkləyirik. BP artıq Cəbrayıl rayonunda günəş enerjisi əldə etmək üçün stansiyanın tikintisinə başlayıb. Azərbaycanda alternativ enerji ilə əlaqədar həyata keçirilən meqalayihələrdə iştirak etməkdən qürur duyuruq”, - deyə Qəri Counz bildirib.