REGİONLAR
Qətər Azərbaycanın kənd təsərrüfatına investisiya qoymaqda maraqlıdır
Bakı, 5 fevral (AZƏRTAC). Fevralın 5-də Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Qətər dövlətinin investisiya qurumu olan “Qətər-Holdinq”in nümayəndələri ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə holdinq tərəfindən Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisiya qoyulması imkanları araşdırılmışdır.
Nazir Heydər Əsədov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirmiş, Azərbaycanda əlverişli investisiya mühitinin mövcudluğunu nümayəndə heyətinin diqqətinə çatdırmışdır. Aqrar sahədə birgə tədqiqatların aparılmasının, ixrac imkanlarının araşdırılmasının vacibliyini bildirən Heydər Əsədov meyvə, tərəvəz və bostan məhsulları istehsalı və emalı sahəsində, həmçinin süd emalında müştərək müəssisələrin yaradılmasına daim dəstək verəcəyini söyləmişdir.
Holdinqin biznes inkişafı departamentinin rəis müavini Muhammed Al-Mosallam kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatında mühüm yer tutduğunu, bu sahəyə investisiya qoymaqda maraqlı olduqlarını qeyd edərək əməkdaşlığın davamlı olacağına əminliyini bildirmişdir.
Görüşdə əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün hər iki tərəfdən əlaqələndiricilər müəyyən olunmuşdur.
Qətərin Azərbaycandakı səfiri şeyx Mübarək bin Fəhd Casim Al Tani görüşdə iştirak etmişdir.