Qətər Körfəzin ərəb ölkələrini İranla danışıqlar aparmağa çağırıb
AzerTAg.az
Qahirə, 19 yanvar, AZƏRTAC
Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani bu yaxınlarda Doha ilə münasibətləri bərpa edən və embarqonu aradan qaldıran Körfəzin ərəb ölkələrini İranla problemləri müzakirə etmək məqsədilə danışıqlara başlamağa çağırıb. O, Qətər Dövlətinin bu prosesə hər cür dəstək verməyə hazır olduğunu vurğulayıb.
AZƏRTAC xəbər verir ki, Qətərin xarici siyasət idarəsinin rəhbəri “Bloomberg” telekanalına müsahibəsində rəsmi Dohanın bu danışıqların baş tutacağına inandığını deyib. Onun sözlərinə görə, Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələrin əksəriyyəti buna müsbət yanaşır.
Politoloqlar hesab edirlər ki, Vaşinqtonun regionda yaxın müttəfiqi olan Qətərin bu bəyanatı ABŞ-ın yeni administrasiyasının Yaxın Şərq siyasətindəki dəyişikliyin siqnalı ola bilər. Yanvarın 5-də Körfəzin üç ölkəsi və Misirin Dohaya qarşı embarqonu ləğv etməsindən sonra Tehranla münasibətlərin normallaşdırılmasına dair danışıqlar daha bir müsbət addım kimi qiymətləndirilir. Lakin İranla Körfəzin ərəb ölkələri arasında dərin ziddiyyətlər bu prosesin baş tutması ehtimalını azaldır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin mətnində orfoqrafik səhv var