SİYASƏT
Qətərdə Cənubi Qafqazda geosiyasi vəziyyət barədə mühazirə keçirilib
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 23-də Qətərin paytaxtı Dohada yerləşən Münaqişə və Humanitar Tədqiqatlar Mərkəzində Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Cənubi Qafqazda geosiyasi vəziyyət: çağırışlar və fürsətlər” mövzusunda mühazirə ilə çıxış edib.
BMTM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mühazirədə Azərbaycanın tarixi haqqında qısa məlumat verilib, dinləyicilər milli kimliyinin formalaşması, Ermənistan-Azərbaycan münaqişəsinin başlanma səbəbləri və sonrakı danışıqlar prosesi, həmçinin ölkəmizin həyata keçirdiyi bərpa-quruculuq işləri barədə məlumatlandırılıb.
Eyni zamanda, Azərbaycanın 44 günlük müharibədə Qələbə qazanmasından sonra regionda yeni geosiyasi mühit, sülh və əməkdaşlıq üçün imkanlar yarandığı, bu kontekstdə nəqliyyat və kommunikasiyaların açılmasının əhəmiyyətli rol oynayacağı bildirilib.
Sonda dinləyicilərin mövzu ətrafında sualları cavablandırılıb.
Qeyd edək ki, mühazirədə Münaqişə və Humanitar Tədqiqatlar Mərkəzinin əməkdaşları ilə yanaşı, Türkiyə, Qazaxıstan və Ukraynanın səfirləri, Doha İnstitutunun tələbələri və Qətərdəki Azərbaycan diasporunun nümayəndələri də qonaq qismində iştirak ediblər.