SİYASƏT
Qətərdə Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Azərbaycanın Qətərdəki səfirliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə qardaş Türkiyə və Pakistanın Qətərdəki səfirləri, rəsmi şəxslər, həmçinin bu ölkədəki Azərbaycan icmasının üzvləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın, Türkiyənin və Pakistanın Qətərdəki səfirləri Rəşad İsmayılov, Mehmet Mustafa Göksu və Əhsən Raza Şah Vətən müharibəsi ilə bağlı fikirlərini bölüşüblər.
Səfir R.İsmayılov bildirib ki, Vətən müharibəsi dövründə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək müharibənin taleyini həll edib. Diplomat qeyd edib ki, arxa cəbhədə çalışan mülki insanlar, bütövlükdə Azərbaycan xalqı müharibənin getdiyi vaxtlarda xüsusi əzm və iradə göstərərək bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirib. 44 günlük müharibə dövründə Türkiyə və Pakistanın göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi vurğulayan səfir ölkələrimiz arasındakı sarsılmaz dostluq və qardaşlığın qürurverici olduğunu bildirib.
Türkiyə və Pakistanın səfirləri Ordumuzun şücaəti və rəşadəti sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsinin xalqımızın tarixi Zəfəri olduğunu vurğulayıblar.
Sonda Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində yadda qalan hadisələr əsasında hazırlanmış qısa videoçarx nümayiş olunub.