CƏMİYYƏT


Qətərdə cümə namazında Ermənistanın işğalçı siyasəti pislənilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Mənzil-qərargahı Qətərdə yerləşən Müsəlman Alimlərinin Beynəlxalq Birliyi təşkilatının baş katibi, nüfuzlu din xadimi Şeyx Əli Muhyiddin Əl-Qaradaği cümə xütbəsində Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışıb.

Ölkəmizin Qətərdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, xətib cümə namazına toplaşan müsəlmanlar qarşısında çıxış edərək Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun Azərbaycan əraziləri olduğunu bildirib. O, bu faktın beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini deyərək, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini xatırladıb.

Baş katib Ermənistanın işğalçı dövlət olduğunu bildirib, işğal zamanı İslam abidələrinə böyük ziyan dəydiyini, müsəlmanların müqəddəs məkanlarının təhqir edildiyini deyib. Bildirilib ki, Azərbaycanın işğal edilmiş ərazilərində məscidlər dağıdılıb, bəzi məscidlər tövləyə və anbara çevrilib. Alim ermənilərin 30 ildir işğal olunmuş ərazilərdə azanı qadağan etdiklərini vurğulayıb, Azərbaycan Ordusu tərəfindən yeni azad edilən ərazilərdə 30 ildən bəri ilk dəfə azanın səsləndirildiyini bildirib.

Xətib, həmçinin işğalçı Ermənistanın təcavüzkar siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşdüyünü qeyd edib, zülmə məruz qalan və torpağından çıxarılan şəxsin özünü və Vətənini müdafiə etmək haqqına malik olduğunu vurğulayıb. O, qürur, din və izzət sahibi şəxslər üçün zülmü qəbul etməyin mümkünsüz olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.